12px13px15px17px
Tarix:13/03/13

Koreya şirkəti Azərbaycanın bütün ərazisinin optikləşməsi üzrə aparılan işlərdə iştirak etmək istəyir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Cənubi Koreyanın «LS Cable & System» şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə RİTN-in şöbə müdirləri, «Aztelekom», «Baktelekom» İstehsalat birliklərinin nümayəndələri iştirak edib.

«LS Cable & System»in marketinq şöbəsinin müdiri Jon Jeong təmsil etdiyi şirkət haqqında məlumat verərək bildirib ki, onlar əsasən telekommunikasiyada və eləcə də elektrik enerjisinin təchizatında istifadə olunan kabellər istehsal edirlər. Onun sözlərinə görə, şirkətdə 40-a yaxın şöbə fəaliyyət göstərir və olduqca çox böyük çeşiddə məhsul satışa çıxarır. Dünyanın 26 ölkəsində 36 zavodlarının olduğunu önə çəkən qonaq fiber-optik və müxtəlif növ kabellərin həm istehsalı, həm onların keyfiyyəti üzrə beynəlxalq bazarda birinci yerdə durduqlarını söyləyib:

«Biz təkcə kabel istehsal etmirik. Eyni zamanda internetin evlərə qədər ötürülməsi üçün həm layihələndirmə, həm də tikinti işlərini həyata keçiririk. Bildirim ki, hər evin yerləşmə mövqeyinə və hətta mənzillərin sayına görə ilk öncə elektron xəritə hazırlayırıq, bundan sonra layihələndirmə işləri aparılır». Azərbaycanda da telekommunikasiya sahəsində çox böyük layihələr həyata keçirildiyindən xəbərdar olduğunu vurğulayan Jon Jeong bildirib ki, bütün ölkə üzrə aparılan optik kabelləşmə işlərində yaxından iştirak etmək niyyətində olduqlarını söyləyib. «Bizim istehsal etdiyimiz avadanlıqların bir üstün cəhəti də var ki, onların tutumunu hər zaman artırmaq mümkündür».

RİTN-in Dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdiri Mir-Heydər İsmayılov da öz növbəsində bildirib ki, hazırda bütün Azərbaycan üzrə fiber-optik kabel çəkilişi həyata keçirilir. Şöbə müdiri qeyd edib ki, bunun üçün RİTN-lə Dövlət Neft Fondu müştərək layihə reallaşdırır.

Qonaq tərəfindən verilən təkliflərə baxılacağını qeyd edən Mir-Heydər İsmayılov şirkət rəsmilərinə onların regionda zavodlarının olmamasını əsas gətirərək Azərbaycanda yaradılan texnoparkda müəssisə tikmələrini təklif edib. Öz növbəsində Jon Jeong bunun çox gözəl təklif olduğunu, Azərbaycanın coğrafi mövqeyini və burada olan böyük bazarın mövcudluğunu nəzərə alaraq təklifə baxılacağını söyləyib.

SEYMUR



Baxış sayı: 967

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024