12px13px15px17px
Tarix:15/03/13

NDU-da elektron təhsilin inkişafı ilə bağlı görülən işlər müzakirə edilib

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının növbəti iclasında digər məsələlərin müzakirəsi ilə yanaşı, "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsinin təqdimatı, qış sessiyasında elektron-test imtahanlarının nəticələri və qarşıda duran vəzifələrlə bağlı hesabat da dinlənilib.

"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, Elmi Şuranın sədri, universitetin rektoru, akademik İsa Həbibbəyli hər iki məsələ ilə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, 18 oktyabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilmiş müşavirənin tələblərinə uyğun olaraq Naxçıvan Dövlət Universitetində "Elektron təhsil" və "Elektron universitet" layihələri, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi həyata keçirilir:

"Bu layihələr dünya standartlarına cavab verəcək modern universitet yaradılması, elektron təhsilin reallaşdırılması, informasiyalaşdırılmış universitet modelinin yaradılması istiqamətində görülən mühüm işlər baxımından olduqca əhəmiyyətlidir". Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov sözügedən layihəni slaydlar şəklində təqdim edərək bildirib ki, 29 yanvar 2013-cü il tarixdə layihənin qrant razılaşması imzalanıb, 21 fevral 2013-cü ildə bu razılaşma dövlət tərəfindən təsdiq olunub: "2013-2015-ci illəri əhatə edəcək layihənin həyata keçirilməsinə KOİCA tərəfindən 3 500 000 ABŞ dolları həcmində vəsait ayrılıb. Layihə idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılması, yüksək keyfiyyətli təhsil mühiti üçün videokonfrans, "IP-PBX", "ID" kart sistemi və s. kimi müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi, Koreyanın müasir texnologiyanın tətbiqi təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsi məqsədi daşıyır".

Universitetin Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Qasımov qış sessiyasında elektron-test imtahanlarının nəticələri və qarşıda duran vəzifələrlə bağlı hesabatda 2012-2013-cü tədris ilində universitetin I kurs tələbələrinin qış imtahan sessiyasında 10 fakültə üzrə 942 tələbənin iştirakı ilə 43 ixtisas – 50 qrup üzrə 153 elektron-test imtahanının götürüldüyünü, 928 tələbənin müvəffəq qiymət aldığını bildirib.

Onun sözlərinə görə, növbəti semestr imtahanında bütövlükdə 200 imtahanın elektron-test üsulu ilə keçirilməsi nəzərdə tutulur.

Elektron Təhsil şöbəsinin müdiri həmçinin qeyd edib ki, birinci kurslarla yanaşı, digər kursları da əhatə edəcək növbəti elektron-test imtahanlarının təkmilləşdirilməsi məqsədilə imtahan proqramlarının yenilənməsi, tələbələrin kodlaşdırılması, elektron jurnalların hazırlanması kimi tədbirlər həyata keçiriləcək.

CAHANGİR



Baxış sayı: 798

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024