12px13px15px17px
Tarix:18/03/13

“Elektron hökumət”in tətbiqi ilə əlaqədar ETSN-in saytında yaradılmış “Elektron xidmətlər” sistemi təkmilləşdirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında (eco.gov.az) nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dolğun surətdə ictimaiyyətə çatdırılması məqsədilə məzmun baxımından bir sıra dəyişikliklər edilib.

Belə ki, II nəşri çapa hazırlanan “Qırmızı kitab”in yeni layihəsinin mütəxəssislər və ictimaiyyətin müzakirəsinə açıq olması üçün nazirliyin saytının sağ sütununda “Qırmızı kitab”ın II nəşrinin layihəsinə daxil edilmiş növlər” başlıqlı bölmə ( www.eco.gov.az/qirmizikitab.php ) yerləşdirilib. Həm bu sahə ilə bilavasitə məşğul olan alim və mütəxəssislər, həm də digər maraqlananlar “Qırmızı kitab”ın II nəşrinin layihəsi ilə tanış ola, rəy və təkliflərini nazirliyin elektron ünvanına göndərə bilərlər.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, hidrometeoroloji vəziyyətin daimi nəzarətdə saxlanılması, sel və daşqınların proqnozlaşdırılması, həmçinin müşahidə sistemlərinin daha da təkmilləşdirilməsi məqsədilə də saytda onlayn izləmə sistemində bir sıra yeniliklər edilib. Belə ki, Kür çayında suyun səviyyəsinin dəyişmə vəziyyətinin birbaşa izlənməsi üçün çayın Neftçala ərazisində iki yeni veb-kamera quraşdırılıb və görüntülər saytdan birbaşa izlənilir.

Qeyd edək ki, daha əvvəl isə yüksək dağlıq ərazilərdə yağıntının artıb-azalma tempinin nəzarətdə saxlanılması üçün Şahdağ Milli Parkının Kabaş zirvəsi, Ləzə ərazisi və Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi olmaqla üç yerdə veb-kameralar quraşdırılmış və həmin ərazilərdən də olan görüntüləri birbaşa izləmək mümkündür.

“Elektron hökumət”in tətbiqi ilə əlaqədar ETSN-in saytında yaradılmış “Elektron xidmətlər” sistemində də təkmilləşdirmə işləri aparılıb. Belə ki, nazirliyin tabeliyində olan qurumların fəaliyyətindən saytda yerləşdirilmiş “Elektron xidmətlər” bölümündən istifadə etməklə yararlanmaq olar.

Milli Parklara giriş biletlərini almaq, müxtəlif rüsumları, o cümlədən cərimə və digər ödənişləri bu xidmət vasitəsilə asanlıqla həyata keçirmək mümkündür.

Saytın “Maliyyə” bölməsində də təkmilləşdirmə aparılıb. Bu bölümdə bir sıra məlumatlarla birlikdə nazirliyə dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi, xərclənməsi və istifadə edilməmiş vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması vəziyyəti ilə də bağlı tam ( http://www.eco.gov.az/s-icra%20gostericisi10.php ) məlumat almaq olar.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024