12px13px15px17px
Tarix:27/03/13

Milli “StartUplar”ın qeydiyyatına başlanıb

“StartUp Azərbaycan” Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda “StartUp Azərbaycan” çərçivəsində görülən işlər, həyata keçiriləcək tədbirlərin qrafiki və yaxın günlərdə keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Təşkilat Komitəsindən bildirilib ki, toplantıda “StartUp Azərbaycan”ın saytının (www.startup.az ) tam formada işə salındığı, saytda “StartUplar”, investorlar və İT mütəxəssisləri (developerlər, proqramçılar və s.) üçün qeydiyyat prosesinin aktiv olduğu vurğulanıb.

Layihə çərçivəsində keçirilən milli “StartUplar Müsabiqəsi”nə artıq “StartUplar”ın təqdim edildiyi, qeydiyyat prosesinin may ayının 10-dək davam edəcəyi bildirilib.


“StartUp”ların ilkin qiymətləndirilməsi və yarımfinalçıların müəyyən olunması 25 may tarixinədək davam edəcək. 15 iyun tarixədək finalçıların müəyyən olunması nəzərdə tutulub. Yekun təqdimat mərasiminin, qalib “StartUp”ların investorlarla görüşlərinin iyun ayının sonunda keçirilməsi nəzərdə tutulub.

Müsabiqənin davam edəcəyi müddətdə layihə ilə bağlı universitetlərdə görüşlərin keçirilməsi, ölkə üzrə developerlər, proqramçılar və İT mütəxəssislərinin geniş toplantısının keçirilməsi, yarımfinala keçən “StartUp”lar üçün təlimlərin keçirilməsi, müxtəlif “StartUp” komandalarının formalaşması ilə bağlı tədbirlərin və “StartUp Kamplar”ın keçirilməsi qərara alınıb.

Milli “StartUplar”ın, İT ekspertlərin, investorların və marketoloqların iştirakı ilə geniş formatlı tədbirin də keçirilməsi nəzərdə tutulub. Toplantıda milli “StartUplar”ın qiymətləndirilməsini həyata keçirəcək Ekspertlər Şurasının öz sahəsi üzrə tanınmış və təcrübəli mütəxəssislərdən ibarət olmaqla tam formalaşdığı və qiymətləndirmə meyarlarının hazırlandığı diqqətə çatdırılıb.

Toplantıda “StartUp Azərbaycan” layihəsi, xüsusilə də layihə çərçivəsində keçirilən müsabiqə ilə bağlı reklam-informasiya işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bu məqsədlə görüləcək işlər və həyata keçiriləcək tədbirlər müəyyən olunub, həmçinin aprel ayının əvvəlində “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda keçiriləcək konfransa hazırlıq məsələləri nəzərdən keçirilib.

Konfransın “Milli StartUplar: mövcud vəziyyət və inkişaf perspektivləri və “StartUplar üçün investisiya mühitinin inkişaf perspektivləri” mövzusunda 2 sessiyadan ibarət olacağı nəzərə alınıb. Konfransda ölkənin tanınmış İT mütəxəssislərinin, uğurlu “StartUp” təmsilçilərinin, investorların maraqlı təqdimatlarla çıxış edəcəkləri də diqqətə çatdırılıb.

Qeyd edək ki, sözügedən layihəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. “StartUp Azərbaycan”ın baş sponsoru “Bakcell” şirkətidir. “Microsoft”, “İnfi Pro” şirkətləri də “StartUp Azərbaycan”ın sponsorlarıdır.

HƏQİQƏT



Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024