12px13px15px17px
Tarix:28/03/13

Kibercasusluq ABŞ və Çin arasında münasibətləri gərginləşdirib

ABŞ-da bir sıra federal müəssisələrə Çin hökuməti ilə hər hansı münasibəti olan şirkətlər tərəfindən istehsal edilən kompüter sistemləri və müxtəlif informasiya texnologiyalarını satın almaq qadağan edilib.

Amerika rəsmiləri bildirib ki, Çin Xalq Respublikası (ÇXR) tərəfindən həyata keçirilən kibercasusluqla mübarizə aparmaq üçün atılmış bu tədbir prezident Barak Obamanın bu həftə imzaladığı hökumətin müvəqqəti maliyyələşdirilməsinə dair qətnaməyə daxil edilib.

Sənədə əsasən, ABŞ Ədliyyə Nazirliyi, NASA, ABŞ Milli Elm Fondu və bir sıra digər təşkilatlar daxil olmaqla, konkret federal qurumlara aid edilən qadağa cari maliyyə ilinin sonunadək qüvvədə olacaq. Fərmana əsasən, yuxarıda adıçəkilən qurumlar Çin hökumətinə məxsus, onun tərəfindən idarə olunan və maliyyələşdirilən istənilən şirkət tərəfindən istehsal edilən informasiya texnologiyaları sistemlərinin satın alınmasını qadağan edir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Barak Obamanın administrasiyası kibertəhlükəsizlik probleminə çox ciddi yanaşır. Mart ayının ortalarında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Tomas Donilon deyib ki, ÇXR tərəfindən həyata keçirilən kiberhücumlar ABŞ üçün ciddi təhdid doğurur, həmçinin Vaşinqton və Pekin arasında iqtisadi münasibətlərə ciddi zərər vurur.

Bu ilin fevralında "Mandiant" özəl firması Çinin kompüter texnologiyalarının köməyi ilə ABŞ-ın əqli mülkiyyət və kommersiya sirlərini oğurladığını əks etdirən hesabat dərc edib.

Amerikanın 140-dan çox şirkətinə qarşı həyata keçirilmiş kiberhücum hadisələrini araşdırmış təhlükəsizlik məsələləri üzrə ekspertlərin gəldiyi nəticəyə əsasən, hücumlar Çinin Xalq Qurtuluş Ordusunun 61398 nömrəli məxfi bölməsi tərəfindən həyata keçirilib. ÇXR hökuməti bu ittihamları rədd edib.

Emil Hüseynov



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024