12px13px15px17px
Tarix:10/04/13

“StartUp Azərbaycan” layihəsinin yaradıcıları yerli investorlara sərmayə qoyuluşlarına baxışlarını dəyişməyi tövsiyə ediblər

Bu gün Bakıda "StartUp Azərbaycan" layihəsi çərçivəsində "İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları" mövzusunda konfrans keçirilib. Konfransın məqsədi ölkədə milli "StartUplar"ın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı peşəkarların və ekspertlərin iştirakı ilə müzakirələr aparmaqdır.

Konfransda "StartUp Azərbaycan" layihələrinin təqdimatları, milli "StartUplar"ın inkişafını ləngidən problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə müzakirələr aparılıb.

Konfrans "Milli StartUplar: mövcud vəziyyət və inkişaf perspektivləri" və "StartUplar üçün investisiya mühitinin inkişaf perspektivləri" mövzusunda 2 sessiyadan ibarət olub.

"StartUp Azərbaycan" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, "Bakcell" , "Microsoft", "İnfi Pro" şirkətlərinin sponsorluğu ilə həyata keçirilir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji Planlaşdırma. İnvestisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov qeyd edib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə istehsal edilən ÜDM-nin həcminin qeyri-neft sektoru sayəsində ikiqat artımına nail olunması qarşıda bir məqsəd kimi qoyulub.


"İKT-nin potensialının artırılması məqsədi ilə ölkədə "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, İnformasiya Texnologiyaları İnstitutunun, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqda müvafiq qərarlar qəbul edilib. Bu qurumlar ölkədə İKT-nin və innovasiya yönümlü məhsulların istehsalı sahəsində dönüş yaratmağa imkan verəcək. Gürcüstan, Qazaxıstan və digər ölkələrin İT bazarları ilə müqayisədə Azərbaycanda idxal ilə ixrac arasında böyük fərq müşahidə olunur. Gələcəkdə bu sahənin inkişafına nail olmaq üçün fərqi azaltmaq lazımdır və bununla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarları gömrük və vergi rüsumlarından azad edərək sektorun intensiv inkişafına nail olmaq olar. Bu cur forumların keçirilməsi isə yeni təkliflərin və ideyaların təqdim edilməsi və gələcəkdə maliyyələşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Tədbirdə çıxış edən "Bakcell" şirkətinin nümayəndəsi Mark Zirka, bu cür layihələrin innovativ məhsulların hazırlanması və ümumilikdə İKT-nin inkişafında böyük rol oynayacağını bildirib. "Bakcell" şirkəti gələcəkdə də bu cür layihələri dəstəkləmək niyyətindədir. Hazırda dünyada və Azərbaycanda mobil internet inkişaf etməkdədir və "Facebook" kimi sosial şəbəkələrin istifadəçiləri məhz mobil internet vasitəsilə bu kontentdən istifadə edir", - deyə o qeyd edib.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz konfrans çərçivəsində qeyd edib ki, Azərbaycan investorları bu günədək daha çox tez gəlir gətirən sahələrə sərmayə yatırmağa alışıblar, lakin İKT sahəsi elə bir sahədir ki, bu sahəyə yatırılan sərmayələrin qayıtması müəyyən müddət tələb edir, buna görə də onlar uğur əldə etmək üçün baxışlarını dəyişdirməlidirlər.

Aynur Vəliyeva



Baxış sayı: 1350

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024