12px13px15px17px
Tarix:11/04/13

Avstriya ilə İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb

Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) növbəti görüş keçirilib.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda “Elektron hökumət” quruculuğu istiqamətində xeyli iş görüldüyünü, o cümlədən müvafiq portal yaradıldığını, bu portal vasitəsilə dövlət qurumları tərəfindən 200-dən çox elektron xidmətin göstərildiyini, eyni zamanda elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsi sahəsində tədbirlərin davam etdirildiyini vurğulayıb.

Hazırda “Elektron hökumət”lə bağlı növbəti Dövlət Proqramının hazırlanması üzərində işlərin aparıldığını da qeyd edən nazir müavini görülmüş işlərin davamı olaraq, bütün istiqamətlərin yenə də proqramda əsas fəaliyyət sahələri kimi yer alacağını diqqətə çatdırıb. Bu sahənin tətbiqi və inkişaf etdirilməsi üzrə beynəlxalq nailiyyətlərin öyrənilməsi zamanı Avstriya təcrübəsinin də nəzərdən keçirildiyini deyən RİTN rəsmisi sözügedən ölkənin Azərbaycanla münasibətlərin genişləndirilməsində göstərdiyi səylərin yüksək qiymətləndirildiyini, hazırda əməkdaşlıq istiqamətlərinin çox geniş olduğunu vurğulayıb.

Azərbaycanın “Elektron hökumət” sahəsində gördüyü işlərlə tanışlığından məmnunluğunu ifadə edən və ölkəmizin bu sahədə fəaliyyətini yüksək qiymətləndirən Andreas Rayxhard da Avstriya təcrübəsini əsas tutaraq, elektron xidmətlərdən istifadənin genişləndirilməsində əhali arasında aparılan təbliğat və maarifləndirmənin mühüm rol oynadığını bildirib:

“Elektron xidmətlərin tətbiqi sahəsində müxtəlif həllər, resurslardan istifadənin kütləviləşdirilməsi ilə bağlı əhali arasında maarifləndirmənin aparılması üçün Avstriya təcrübəsindən istifadə edilə bilər. Bizim təcrübəmizə görə, elektron xidmətlərdən istifadənin təbliği məktəblərdən başlanmalı, uşaqlara bu xidmətlərdən istifadə mədəniyyəti aşılanmalıdır. Bunun üçün Azərbaycana növbəti səfərlərimizdə Təhsil Nazirliyində də görüşlərimizin keçirilməsini istəyərdik”.

Müzakirələrdə davam edən görüşün sonunda qarşılıqlı maraq doğuran konkret sahələr üzrə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, bu məqsədlə müvafiq sənədlərlə tanışlıq və ətraflı araşdırmaların aparılması qərara alınıb.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024