12px13px15px17px
Tarix:22/04/13

Verilənlərin həcminin kəskin artması İKT sahəsinin tənzimlənməsində yeni problemlər yaradır

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) aprelin 18-də “Telekommunikasiya sahəsinin islahatı istiqamətində tendensiyalar, 2013” adlanan hesabat dərc edib. Sözügedən sənəddə dünyada fəaliyyət göstərən texnoloji bazarların sürətli inkişafı təsdiq edilir.

Genişzolaqlı rabitənin sürətli inkişafı sayəsində 2012-ci ilin sonunda İP trafikin həcmi 44 min petabayt (44 ekzabayt) olub. Müqayisə üçün, bu verilənlər massivini 10 Mbit/s sürətində genişzolaqlı rabitə üzrə köçürmək üçün 1100 il lazımdır. 2013-cü ildə İP trafikin həcminin ay ərzində təxminən 14 ekzabayt artacağı gözlənilir. 2013-cü ildə internetə qoşulmuş insanların ümumi sayının 2.7 milyardı ötəcəyi gözlənilir.

İstehlakçı trafikinin 90%-i əvvəlki kimi verilənlərin payına düşür. Yeni mobil qurğular istifadəçilərin rahatlığı üçün daha yüksək funksionallıq təmin edir və onlayn oyun və videozənglərin populyarlaşmasına səbəb olur. 2010-2015-ci illərdə onların illik tempinin 40%-i ötəcəyi gözlənilir.

“Xidmətlərin qloballaşdırılması istiqamətində uzunmüddətli tendensiyaların nəticələri tamamilə hiss olunmağa başlayır” – deyə BTİ-nin baş katibi Hamadun Ture qeyd edib.

Hər bir tənzimləyici orqan ən yüksək keyfiyyətli xidmətlərin daha sərfəli qiymətlər üzrə genişlənməsini təmin edən xidmət və rəqabətin inkişafı üçün düzgün şərait yaratmaq kimi problemlə üzləşib”.

Sürətlə dəyişən bazarın mənzərəsi “Telekommunikasiya sahəsinin islahatı istiqamətində tendensiyalar, 2013” hesabatında şəbəkə neytraliteti, mobil rouminq tarifləri, həmçinin “bulud” xidmətlərinin geniş yayılması ilə meydana çıxan problem və perspektivlər kimi mövzular nəzərdən keçirilib. Hesabatda qeyd edilir ki, tənzimləyici orqanların adıçəkilən anlayış barədə razılaşdırılmış tərif qəbul etməməsi şəbəkə neytraliteti məsələsinin müzakirəsini çətinləşdirir.

Ötən ilin dekabrında Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının reqlamentinə yenidən baxış zamanı əsas məsələlərdən biri mobil rouminq ödənişləri ilə bağlı olub. “Telekommunikasiya sahəsinin islahatı istiqamətində tendensiyalar, 2013” hesabatında qeyd edilir ki, dünyanın müxtəlif ölkələrində aparılmış araşdırmalara əsasən, hazırda beynəlxalq mobil rouminq üçün pərakəndə tariflər yüksək olaraq qalır və ölkə daxilindəki mobil rabitə tarifləri ilə uyğun deyil.

Hesabatda qeyd edilir ki, pərakəndə tariflərin yüksək olmasını adətən topdansatış qiymətləri ilə izah edirlər, lakin beynəlxalq rouminq bazarında rəqabət nisbətən zəif olduğundan, vəziyyətin düzəldilməsi üçün bazar qüvvələrinin gücü kifayət etməyə bilər.

Təklif edilən həllərdən biri istehlakçıların hüquq və imkanlarının genişləndirilməsidir. Nəhayət, sürətlə inkişaf edən “bulud” hesablamaları sahəsi məxfiliyin təmin edilməsi, fərdi və korporativ məlumatların mənsubluğunun dəqiq müəyyən edilməsi, saxlanılan məlumatların üçüncü şəxslər tərəfindən icazəsiz istifadə problemləri və sair kimi bir sıra yeni problemlər yaradır. “Bulud” hesablamalarına əsaslanan trafikin həcmi artmağa davam edir və 2016-cı ilədək bütün şəbəkə trafiki axınının ən azı 75%-ni təşkil edəcək.

Xatırladaq ki, BTİ BMT-nin informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı qurumudur.

Emil Hüseynov

emilhuseynov86@gmail.com




Baxış sayı: 1550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024