12px13px15px17px
Tarix:25/04/13

Məhkəmə infrastrukturun yeni texnologiyalar əsasında müasirləşdirilməsi davam etdirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar davam etdirilərək, bu sahədə infrastrukturun müasirləşdirilməsi, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binalarının inşası üzrə tədbirlər görülür.

Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" Layihəsi çərçivəsində vahid konsepsiya əsasında və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, artıq 4 yeni inşa olunmuş məhkəmə binası, o cümlədən dövlət başçısının iştirakı ilə Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binaları istifadəyə verilmiş, Şəki və Bakı şəhəri Sabunçu məhkəmə komplekslərinin hazırda intensiv tikintisi aparılır.

Davam edən tədbirlər çərçivəsində Quba Rayon Məhkəməsi üçün yeni inzibati binanın inşasına başlanılmış və aprelin 24-də təməlqoyma mərasimi keçirilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Quba rayonu icra hakimiyyətinin başçısı Mübariz Ağayev, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Ümumi sahəsi 3.300 m2 olan üç mərtəbədən ibarət yeni məhkəmə binası müasir milli memarlıq üslubunda layihələndirilib. Bina ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən "Femida" sistemi və digər zəruri infrastruktur quraşdırılacaqdır. Tətbiq olunan İKT-lər ədalət mühakiməsinin daha effektiv həyata keçirilməsinə, məhkəmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə, o cümlədən sübutların və müxtəlif sənədlərin nümayiş etdirilməsinə, audio-video yazılışların aparılmasına, habelə proses iştirakçılarının məhkəməyə gəlmədən dindirilməsinə imkan yaradacaqdır.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən genişmiqyaslı işlərdən danışaraq son 2-3 ildə regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndirildiyini vurğulayıb, Dünya Bankı ilə birgə həyata keçirilən layihənin real müsbət nəticələrini, xüsusilə Bank tərəfindən həmin layihənin dünyada ən uğurlu layihələrdən hesab olunmaqla "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəldiyini qeyd edib.

İclasda ədliyyə naziri və Ali Məhkəmənin sədri çıxış edib, fəaliyyətin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Qeyd edilibki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər davamlı sosial-iqtisadi tərəqqiyə nail olunmuş, dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə ölkəmiz üçün perspektiv inkişaf hədəflərinin müəyyən edilməsi, Açıq Hökumətin təşviqi, yeni şəffaf və innovativ xidmətlərin yaradılması, 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması həmçinin məhkəmələr və ədliyyə orqanları qarşısında mühüm vəzifələr qoyub.



Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024