12px13px15px17px
Tarix:29/04/13

Azərbaycanda yaxın zamanda ilk dəfə olaraq gənclər üçün pulsuz distant təlim kursları açılacaq

Bakıda Gənclər Evinin və "Təkan" Tələbə Gənclərinin İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib. Gənclər Evindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatları, tələbə birliklərinin nümayəndələri iştirak ediblər.

Toplantı zamanı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət proqramı çərçivəsində QHT-lərin, ictimai təşkilatların gördüyü işlər, bu fəaliyyətin effektivliyi barədə fikir mübadiləsi aparılıb. Görüşün əvvəlində iştirakçılar ümummilli lider Heydər Əliyevin xatirəsini 1dəqiqəlik sükutla yad etdilər.


Gənclər Evinin direktoru Elşad Abdullayev gələcəkdə Gənclər Evində tamam fərqli mövzularda tədbirlər, staj proqramları, peşə kursları keçiriləcəyi və yaxın aylarda Azərbaycanda ilk dəfə olaraq gənclər üçün pulsuz distant təlimlərə də start veriləcəyini bildirib. Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov getdikcə gənclərə ayrılan maddi dəstəyin artacağını, yaxın aylarda Gənclər Sarayının inşa olunacağını, gənclik sahəsində xüsusi mükafatın təsis olunacağını bildirib.

Tədbir zamanı sosial şəbəkələrdə aktiv gənclər təşkilatlarını birləşdirən ümumi bir səhifənin yaradılması, birgə tədbirlərin həyata keçirilməsi haqda təkliflər səslənib. Sonda qərara alınıb ki, yaxın günlərdə eyni mövzu ilə bağlı daha geniş dairədə müzakirə təşkil olunsun.

Qeyd edək ki, Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi" Gənclik Sosial İnkişaf Proqramı (GƏNCLƏR EVİ) layihəsi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Aynur Vəliyeva



Baxış sayı: 1404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024