12px13px15px17px
Tarix:03/05/13

Vergilər Nazirliyinin Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatı olub

Bakıda Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə "ASAN imza - mobil hökumətin açarıdır" mövzusunda konfrans keçirilib.

Konfrans Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunub. Konfransın əsas məqsədi vergi sistemində ASAN imzaya sahib olmağın prosedur qaydaları, onun üstünlükləri və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Tədbiri açan vergilər naziri Fazil Məmmədov son illər əldə olunan yüksək sosial-iqtisadi nəticələrə idarəetmə və xidmət sektorlarında mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunduğunu bildirib.

Onun sözlərinə görə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin daim genişləndirilməsi, vergi ödəyiciləri ilə canlı əlaqə formalarının məhdudlaşdırılması, vergi orqanları ilə ödəyicilər arasında münasibətlərin daha da sadələşdirilməsi və digər məsələlər Vergilər Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir. Bu sahədə daim yeni layihələr həyata keçirilir.

Nazir qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin həyata keçirilməsi, həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur. Bəzi xidmətlərdən istifadə isə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur.

F.Məmmədov vurğulayıb ki, bu sahədə mövcud olan və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədi ilə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron imza Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaqdır. Bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzəridən imzalanmasına şərait yaradacaqdır.

Ölkəmizdə İnternet/mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaqdır.

F.Məmmədov bildirib ki, bu mərkəzi Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi Beynəlxalq konsorsium tərəfindən yaradılan Mobil imza (Asan imza) mərkəzi ilə inteqrasiya layihəsini elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi qiymətləndirmək olar.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanda Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin işə salınması və onun yeni xidmətlər göstərməsi elektron xidmətlərin genişlənməsinə və onların təhlükəsizliyinə inamı artıracaqdır.

Nazir yeni layihənin fəaliyyətə başlaması münasibətilə təbriklərini konfrans iştirakçılarına çatdırıb. "Azərbaycanın elektron Avropaya inteqrasiya olunması" mövzusunda çıxış edən Avropa Parlamentinin üzvü Kristina Oyuland layihənin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, belə uğurlu addımlar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Tədbirdə "Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi – yeni mobil xidmət imkanları" mövzusunda təqdimat keçirilib. Yeni mərkəz ənənəvi elektron imzadan daha geniş imkanlara malik olan elektron və mobil imza təqdim edəcəkdir. Elektron imza indiyədək verilənlərdən fərqli olaraq, bütün əməliyyat sistemlərində işləyəcəkdir.

Mobil imzanın istifadəsi zamanı isə əlavə kart oxuyan cihaza ehtiyac qalmayacaqdır. Bu xidməti əldə etmək üçün istifadəçilər telefonlarındakı sim-kartı yeni sim-kartla əvəz etməli olacaqlar. Yeni sim-karta mobil imza proqramı yüklənmişdir və bu kartları bütün mobil operatorlardan, eləcə də ASAN xidmət mərkəzlərindən almaq mümkündür. Mobil imzada tətbiq edilən təhlükəsizlik sistemləri ən son tələblərə cavab verir. Ona görə də, yeni imzanın köməyi ilə vətəndaşlar və sahibkarlar beynəlxalq maliyyə bank əməliyyatlarını da həyata keçirə, o cümlədən birgə müəssisə təsis edə, mühüm sənədlər imzalaya biləcəklər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "Elektron xidmətlərin inkişafında Asan imzanın rolu" mövzusunda çıxış edib.

Bildirilib ki, yay aylarınadək Bakının bütün əhalisi "ASAN xidmət" mərkəzlərinin xidmətlərindən bəhrələnəcəkdir. 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayandan bu günədək 70 minə yaxın vətəndaşa xidmət göstərmişdir. Bu il bölgələrdə də "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur.

"Asan imza (Mobil imza) Azərbaycan sahibkarına nə vəd edir" mövzusunda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın inkişafından, əlverişli biznes mühitinin yaradılmasından danışmış, yeni layihənin sahibkarlar üçün olduqca önəmli olduğunu deyib.

Bildirilib ki, Asan imza sayəsində sahibkarlar vergi bəyannamələrini, hesabatları və digər sənədləri Vergilər Nazirliyinə asanlıqla, vaxt itirmədən təqdim edə biləcəklər. Konfransda "Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri", "Asan imza Azərbaycanda mobil hökumətin həlli yoludur" və digər mövzularda çıxışlar olub, fikir mübadiləsi aparılıb.



Baxış sayı: 1075

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024