12px13px15px17px
Tarix:04/05/13

RİTN-in təşkilatçılığı ilə məktəblilər arasında təşkil olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 4-də "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində "Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda yazılmış inşa yazı müsabiqəsi ilə bağlı fikirlərini paylaşan təhsil naziri Mikayıl Cabbarov artıq 7-ci dəfə keçirilən müsabiqənin nəticəsi olaraq, 85 nəfərin mükafatlandırılacağını qeyd edib: "Onlardan 8 nəfər birinci, 7 nəfər ikinci, 16 nəfər üçüncü, 54 nəfər isə həvəsləndirici yerə layiq görülüb".

Müsabiqənin ənənəvi təşkilatçılarına minnətdarlığını da ifadə edən təhsil naziri bilik yarışı qaliblərinin ulu öndər haqqında öz fikir və düşüncələrini yeniyetmə təbiətinə xas olan ülvi hisslərlə, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini deyib.

Müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün və baxışlarının, o cümlədən azərbaycançılıq məfkurəsinin formalaşmasına müsbət təsir göstərdiyini deyib. Əli Əhmədov hər il olduğu kimi, bu il də I, II, III yerləri tutmuş qaliblərin hər birinə gələcəkdə hansı ali məktəblərə daxil olmalarından asılı olmayaraq, Yeni Azərbaycan Partiyası tərəfindən aylıq təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu bildirib.

Müsabiqənin təşkilinə hər il RİTN tərəfindən lazımı dəstəyin göstərildiyini deyən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də inşa-yazı müsabiqəsinin, o cümlədən ümummilli liderin zəngin irsinin yetişməkdə olan gənc nəslin gələcək fəaliyyətində önəmli yer tutacağını deyib. Ölkədə təhsilin inkişafına davamlı şəkildə dövlət dəstəyinin göstərildiyini də vurğulayan nazir müavini "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından söz açaraq, prioritet istiqamətlərdə elm, təhsil və bu sahəyə İKT-nin tətbiqinin yer aldığını bildirib.

Təhsilin informasiyalaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramlarında RİTN-in yaxından iştirak etdiyini də deyən E.Vəlizadə İKT ixtisasları üzrə xaricdə təhsil alan kadrların da nazirlik tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev ulu öndərin təhsilimizə, müəllimlərə hər zaman qayğı ilə yanaşdığını və bu məsələnin ölkə başçısı İlham Əliyev tərəfindən də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.

Məktəblilərə, o cümlədən gənclərə diqqətin dövlət siyasətində prioritet olduğunu da qeyd edən millət vəkili təhsilin gələcək inkişafını nəzərdə alaraq, xaricdə kadr hazırlığına xüsusi önəm verildiyini bildirib.

Heydər Əliyev Fondunun nümayəndəsi Vüqar Mustafayev də hər il təşkil olunan müsabiqənin, eyni zamanda ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənclərin formalaşmasında, onların azərbaycançılıq və vətənpərvərlik ruhunda yetişməsində xüsusi rolu olduğunu qeyd edib.

Çıxışlardan sonra müsabiqənin qaliblərinə hədiyyələr təqdim olunub.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024