12px13px15px17px
Tarix:07/05/13

Türkiyənin elm, sənaye və texnologiya naziri: “İnkişaf etmiş texnologiya həlləri enerji ilə bağlı problemlərin ortadan qalxmasına imkan verəcək”

Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı və ev sahibliyi ilə 9-10 may tarixlərində İstanbulda Beynəlxalq Ağıllı Şəbəkələr Konqresi və Sərgisi keçiriləcək.

Konqres və Sərgi "ağıllı" şəbəkələr haqqında ən son yeniliklərin öyrənilməsi, nümunələrin tətbiqi, bu sahədə təcrübə mübadiləsi, eyni zamanda müvafiq sahə üzrə sərmayə strategiyalarının müəyyənləşdirilməsində beynəlxalq platforma rolunu oynayacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, tədbirdə azərbaycanlı sahibkarlar və iş adamları da iştirak edə bilərlər. Konqres və Sərginin Təşkilat Komitəsini təmsil edən, eyni zamanda Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergün qeyd edib ki, bütün dünyada olduğu kimi, Türkiyə də "Ağıllı şəbəkə" tətbiqinə keçid mərhələsindədir:

"Əhali artımı, şəhərləşmə, sənayeləşmə və texnoloji irəliləyişlər səbəbindən enerji ehtiyacı ən ciddi problem olaraq qarşımızda dayanır. Enerji resurslarından istifadə ilə bağlı kritik dövrdə maraqlı tərəflər, mütəxəssislər enerjinin daha məhsuldar, səmərəli, itkisiz və şüurlu istifadəsi, bərpa oluna bilən enerji mənbələri, eyni zamanda istixana qaz emissiyalarının azaldılması ilə bağlı daha etibarlı və iqtisadi bir şəbəkə infrastrukturu üçün yeni həllərin axtarışındadır. Hesab olunur ki, informasiya və kommunikasiya texnologiyaları, o cümlədən "Ağıllı şəbəkə" kimi inkişaf etmiş texnologiya həllərinin mövcudluğu enerji istehlakına və istehsalına dair problemlərin zamanla ortadan qalxmasına imkan verəcək. Bu baxımdan, mövcud şəbəkə sistemlərinin sözügedən sistemə inteqrasiya edilməsi qaçılmazdır".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024