12px13px15px17px
Tarix:07/05/13

Beytulla Hüseynov : "Xəzərdə süni arxipelaq üzərində salınan şəhərciyi ən müasir kommunikasiya texnologiyaları ilə təmin edə bilərik"

"Xəzər dənizində süni arxipelaq üzərində salınan «Khazar Islands» şəhərini ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edə bilərik".

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu barədə tikintini aparan "Avesta" şirkəti tərəfindən birliyə hər hansı yazılı məlumat daxil olmayıb.

"Onların İKT xidmətləri ilə bağlı yazılı müraciət daxil olsa, bizim bu müraciəti icra etməyə imkanlarımız var. Bildiyiniz kimi, Bakının cənub bölgəsi Ələtə qədər yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin edilib"- deyə o bildirib.

Baş direktor hazırda sözügedən ərazinin simsiz rabitənin əhatə dairəsində olduğunu qeyd edib. ""Xəzər İslands" şəhərciyinin 1 milyona yaxın sakini olacağını nəzərə alsaq, burda yüksək keyfiyyətli rabitə yaradılması vacibdir. Ancaq yuxarıda qeyd etdiyim kimi, biz buna hazırıq və BTRİB burada bütün telefon və multimedia xidmətlərini tətbiq edə bilər. Evə qədər optik kabel xətlərinin aparılması ilə "ağıllı ev " konsepsiyasının yüksək səviyyədə tətbiq edilməsinə də tam hazırıq"- deyə o əlavə edib.

Eyni zamanda "Azərpoçt" MMC-dən də bildirilib ki, ərazidən ən müasir poçt xidmətlərinin tətbiqi mümkündür. "Ərazidə ən müasir poçt xidmətlərinin göstərilməsi üçün yeni avanqard poçt binalarının tikilməsi və ya müəyyən xidməti binalarda bu işlər tətbiq edilə bilər".

Qeyd edək ki, dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək.

Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq. Tikinti işləri davam edir. Hazırda layihəyə daxil olacaq böyük adalardan birinin və onun üzərindəki 6-7 yaşayış binasının tikintisi gedir.

Ümumilikdə, 2022-2023-cü ilədək tikiləcək şəhərin 1 milyon sakini olacaq. «Khazar Islands»da yaşayış binaları 25-60 mərtəbəli olacaq. Layihə müəllifləri tikililərin ən yüksək təhlükəsizlik standartlarına cavab verəcəyini və 9 bal zəlzələyə davam gətirəcəyini bildirirlər.

«Khazar Islands»da biznes və ticarət obyektləri, 150 məktəb, 50 bağça və xəstəxanalar, kinoteatr, teatr, restoran və ticarət mərkəzləri tikiləcək. Layihənin özəlliklərinə hündürlüyü 1 km-dən yüksək olan «Azərbaycan qülləsi» ilə yanaşı, ayrıca adada yerləşəcək aeroport, «Formula-1» trası və universitetlər üçün kampusun yaradılması da daxildir.

Gələcəkdə «Khazar Islands»ın inzibati idarəetmə sisteminin - meriyanın yaradılacağı və layihəyə şəhər statusu veriləcəyi gözlənilir.

RƏVAN



Baxış sayı: 1850

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024