12px13px15px17px
Tarix:14/05/13

Nazir: “Yaxın gələcəkdə peykimiz daha çox gəlir gətirəcək”

Azərbaycanın ilk peyki, "Azerspace-1" telekommunikasiya peyki may ayından tam kommersiya fəaliyyətindədir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə açıqlamanı Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib. Onun sözlərinə görə, Şimali Afrika və Asiyanın bir çox operatorları peykin xidmətindən istifadə edə bilirlər.

"May ayının 1-dən bağlanan müqavilələrin həcmi 4-5 milyondur. Bu, çox cüzi görünə bilər. Ancaq getdikcə bu sahədə gəlirlər artacaq".

Peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən 2 aprel 2013-cü il tarixindən etibarən tamamilə "Azərkosmos" ASC-yə təhvil verilib. Hazırda "Azərkosmos" ASC-nin mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində peykin idarəetməsi ilə məşğuldurlar və aidiyyəti əməliyyatları aparmaqdadırlar.

Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir. Orbitdə istismar müddəti ən az 16 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub.

"Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edir, coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimizin 50-dən artıq ölkəni birləşdirən məkanda, Qafqaz ölkələri, Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionunda mühüm əhəmiyyəti artır.

Qeyd edək ki, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi, 15 fevral tarixində açılıb, 19 fevral tarixində isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyindədir.

RƏVAN



Baxış sayı: 934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024