12px13px15px17px
Tarix:24/05/13

İTİ-nin sektor müdiri: “Azərbaycana aid olan veb-resursların bir qismi xarici serverlərdə yerləşdirilir”

Azərbaycan internetinin ciddi problemlərindən biri “Milli kontent” problemidir. Bu gün internetdə Azərbaycan dilində informasiya resursları azdır və eyni zamanda Azərbaycana aid olan veb-resursların bir qismi xarici serverlərdə yerləşdirilir. Bu barədə “Ictnews.az”-a AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) sektor müdiri Rəna Qasımova məlumat verib.

Azərbaycan virtual dünyada yüksək templə inkişaf edir və formalaşır

Milli kontentlərin xarici serverlərdə yerləşdirilməsi problemlərindən söz açan sektor müdiri qeyd edib ki, virtual Azərbaycanda ictimai, siyasi, hüquqi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələri ilə bağlı internet resursları veb-saytlarda, məlumat bazalarında yerləşdirilir: “Virtual Azərbaycan dedikdə Azərbaycan dövlətinə aid olan bütün veb-resursların toplusu başa düşülür.

Real həyatda bir infrastruktur kimi formalaşan Azərbaycan virtual dünyada da yüksək templə inkişaf edir və formalaşır. Qeyd etmək lazımdır ki, internet resurslarının 70 faizi xarici ölkələrdə, əsasən ABŞ-da yerləşir. Bir çox saytların “Az” zonasında domenləri olmadığından resurslarını digər zonalarda “.com”, “.org”, “.net” və s. saxlayırlar”.

Hostinqin seçilməsi, resursların hansı serverlərdə yerləşdirilməsi aktual məsələdir

İTİ rəsmisi qeyd edib ki, veb-sayt üçün domen adı seçdikdən sonra qarşıya çıxan əsas məsələlərdən biri veb-saytın internetdə yerləşdirilməsidir: “Bunun üçün saytı xüsusi ayrılmış, internet şəbəkəsinə çox sürətli bağlantısı olan, minlərlə istifadəçiyə eyni vaxtda xidmət göstərə bilən bir kompüterdə – serverdə yerləşdirmək lazımdır.

Sayta aid səhifələri, şəkilləri, sənədləri internet istifadəçilərinə təqdim edən kompüterlərə veb-server, veb-səhifənin internet şəbəkəsində hər hansı serverin əvvəlcədən ünvanlanmış diskində yerləşdirilməsi üçün disk yaddaş sahəsinin ayrılmasına isə hostinq deyilir. Bu xidmətləri göstərən qurum isə hostinq provayder adlanır. Hostinq vacib xidmətdir və bu günə hostinq xidməti bazarı çox böyükdür. Belə ki, çoxlu sayda hostinq təqdim edən şirkətlər mövcuddur. Hər bir hostinq provayderi internet layihəsinin normal işini təmin edən müxtəlif həcmli funksiya və xidmətlər təklif edir. Ona görə də hostinqin seçilməsi, resursların hansı serverlərdə yerləşdirilməsi aktual məsələlərdən biridir”.

İnternet resurslarının xarici serverlərdən köçürülməsi üçün əsas problemlər Sektor müdirinin sözlərinə görə, internetdə saytın sonrakı vəziyyəti düzgün hostinq seçimindən asılıdır:

“Yalnız yaxşı hostinq internet resursun irəliləməsinə və kütləviləşməsinə səbəb ola bilər. İnternet resurslarının xarici serverlərdən köçürülməsi üçün əsas problemlərdən biri hostinq xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasını təmin etməkdir. Araşdırmalar göstərir ki, bu və ya digər hostinq xidmətinin seçilməsi zamanı bir sıra faktorlara diqqət yetirilməlidir. Bunlara sayt üçün yerin seçilməsi, disk sahəsi, texniki dəstək, təhlükəsizlik aid edilir. Təhlillər göstərir ki, bu faktorlardan başqa kontentləri kənarda olan serverlərdə yerləşdirərkən hostinqlərin seçilməsi zamanı bir sıra amillər daha cəlbedici olur”.

Hostinqlərin seçimində cəlbedici amillər

Bu amillər isə serverlərin iş etibarlığının yüksək səviyyəsi, münasib qiymət (aşağı qiymətli tarif planı), çox sayda tarif planının olmaması (yeganə tarif təqdim edilir, bura istifadəçilərə lazım olan bütün xidmətlər daxil olur, bəzi əlavə imkanlar müştərinin tələbi ilə qoşula bilər), “bulud” həlləri daxildir. “Bulud” serveri (Cloud Server) xidməti – tarif planlarsız virtual “bulud” serverləridir. “Bulud” serverlərindən istifadə edilməsi boş dayanan resursların və pik yüklənmələrin problemini həll edir. Bu zaman daha bahalı tarif planlarına keçmək lazım olmur, serverin məhsuldarlığı artır, yüklənməyə davam gətirir.

Bundan başqa, sözügedən amillər sırasında faktiki istehlakın ödənməsi (resursların icarəsi faktiki istehlakın ödənməsini təklif edir, artıq resurslar təqdim olunmur, bu isə vasitələrdən daha effektiv istifadəni təmin edir), “bulud” xəzinəsi (Cloud storage) faylların ehtiyat sürətlərini rahat, sadə, ucuz saxlamağa və veb-saytlar, əlavələr üçün statik faylların (şəkil, audio, video və s.) paylanmasına imkan verir) də var.

Hostinq xidməti təklif edən təşkilatların fəaliyyəti hansı istiqamətə yönəlib?

Hostinq xidməti təklif edən təşkilatların fəaliyyətinə gəlincə, bu, qiymət siyasətinin hazırlanması, təklif edilən şərtlərin rəqabətə davamlı olması, xidmətlərin veb üzərində işləyən müasir proqramlara uyğun yaradılması, təhlükəsiz və səmərəli idarə olunma imkanının yaradılması, serverlərdəki informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması, yeni texnologiyalardan istifadə edilməsi üçün daxili standart və spesifikasiyaların işlənib hazırlanması, texniki dəstək xidmətinin operativ fəaliyyəti, müştərilərin cəlb edilməsi üçün kommersiya sirli daxili qaydaların hazırlanması və s. kimi məsələlərin həllinə yönəlib.

Hostinq xidmətləri təqdim edən şirkətlərin ilk onluğu

2013-cü ilin aprel ayı üçün aktiv şəkildə keyfiyyətli hostinq xidmətləri təqdim edən şirkətlərin ilk onluğuna gəlincə, bu siyahıda ilk yerlərdə “JustHost” (İngiltərə), “IX Web Hosting” (ABŞ), “HostMonster” (ABŞ), “Lunarpages” (ABŞ), “BlueHost” (ABŞ), “HostPapa” (Kanada) gəlir. Həmçinin ilk onluğa daxil olan “Hostgator” (ABŞ), “Godaddy” (ABŞ), “InMotion Hosting” (ABŞ), “Webhostingpad” (ABŞ) siyahını tamamlayır. R.Qasımova hesab edir ki, kommersiya təşkilatlarının əsas məqsədi müştərilərin istənilən vaxt, istənilən yerdən, istədikləri məlumatları əldə edə bilməsi üçün onların tələbatına uyğun olaraq hostinq xidmətləri təqdim edən informasiya mühitinin yaradılmasıdır.

Kontentlərin kənarda olan serverlərdə yerləşdirilməsi üzrə tədqiqat problemləri

Beləliklə, sektor müdirinin sözlərinə görə, kontentlərin kənarda olan serverlərdə yerləşdirilməsi üzrə tədqiqat problemlərinə bir sıra məsələləri aid etmək olar. Buraya qiymət siyasətinin tənzimlənməsi, hostinq xidmətlərin keyfiyyətinin yüksəldilməsi, texniki dəstək xidmətinin keyfiyyətinin artırılması, müasir veb-texnologiyalarından istifadənin tədqiqi və təminatı aid edilir. Eyni zamanda tədqiqat problemlərinə informasiya təhlükəsizliyi sahəsində müasir informasiya texnologiyalarından effektli istifadə mexanizmlərinin formalaşması, domenlərin qiymətinin aşağı salınması və s. də daxildir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024