12px13px15px17px
Tarix:13/06/13

Bakıda 3-cü Xəzər Beynəlxalq “Yol infrastrukturu və İctimai nəqliyyat” sərgisi keçiriləcək

Bu gün Bakı Ekspo Mərkəzində 3-cü Xəzər Beynəlxalq "Yol infrastrukturu və İctimai nəqliyyat" sərgisi öz işinə başlayacaq. "İteca Caspian" şirkətindən verilən məlumata görə, bu ixtisaslaşdırılmış sərgidə regionun yol infrastrukturunun geniş mənzərəsi nümayiş etdirilir.

"Road and Traffic" sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sərgiyə təşkilati dəstək göstərirlər. 2013-cü ildə "Iteca Caspian" MMC tərəfindən keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi otelləri qismində "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Poynt Hotel" mehmanxanaları, rəsmi turoperatoru qismində isə "Greenwich Travel Club" şirkəti çıxış edirlər. Sərginin təşkilatçıları "Iteca Caspian" MMC və onun tərəfdaşı "ITE Group plc" şirkətidir.

"Road and Traffic-2013" sərgisinin sponsorluğu Fransanın "Systra" şirkəti tərəfindən təmin olunur. Builki sərgi iştirakçıların coğrafiyasını genişləndirərək 62 şirkəti əhatə edib. Belə ki, Yunanıstan, İtaliya və Sinqapurdan olan şirkətlər sərgidə ilk dəfə olaraq təmsil olunurlar. Ümumilikdə isə sərgi ötən il ilə müqayisədə 20% artım nümayiş etdirir.

Bu il debütantların sayı da artaraq sərginin ümumi meydançasının 30%-ni təşkil edib. Sərgidə kommersiya təşkilatları ilə yanaşı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin strukturları olan Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti, "Azəryolservis", Nəqliyyatı intellektual idarəetmə mərkəzi və Bakı Metropoliteni kimi qurumlar da iştirak edirlər. İştirakçıların 60%-dən çoxu sərginin mövzusunu əhatə edən ən müxtəlif sahələr üzrə innovasiyalı avadanlıq və texnologiyaları təqdim edəcəklər.

"Road and Traffic-2013" sərgisi yol infrastrukturunun Azərbaycan üçün ən aktual bölümlərini ehtiva edən tematik ekspozisiyaları özündə birləşdirir. Belə ki, hazırda ölkədə köhnə avtomobil yollarının müasirləşdirilməsi və bərpası, habelə yeni yollar, piyada keçidləri və körpülərin inşası üzrə fəal işlərin görülməsi ilə əlaqədar olaraq, sərgidə Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilir.

Ölkədə nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması və müasirləşdirilməsi sahəsində işlər də davam etdirilir, ödəniş kartlarının eyniləşdirilməsi üçün turniket və aparatları zəruri edən yeni gediş haqqı sistemləri və bu kartların sifarişi və s. bu kimi xidmətlərin tətbiqi planlaşdırılır. Bütün bunlar sərginin "Nəqliyyat sahəsində informasiya texnologiyaları" bölümü çərçivəsində təqdim olunur. "İctimai nəqliyyat" bölümü də diqqətdən kənar qalmayıb. Bakıda 1.200 yeni avtobus və 2.000 taksiyə ehtiyac var və bu ehtiyacın 2015-ci ildə Azərbaycanda Avropa oyunları keçirilənə qədər necə təmin olunacağı "İctimai nəqliyyat" bölümündə əks etdiriləcək.

Paytaxt sakinləri tərəfindən ən çox istifadə edilən ictimai nəqliyyat vasitəsi - köklü dəyişikliklərə məruz qalan metro da bu bölümdə təqdim olunur. 2016-cı ilə qədər Bakı metropolitenində 5 yeni stansiyanın istifadəyə verilməsi, eləcə də hərəkət heyətinin (vaqonların) yenilənməsi planlaşdırılır. Bununla əlaqədar olaraq, sərgidə həm metro və tunel tikintisi üçün avadanlıq və texnologiyalarla, həm də vaqonqayırma, metro və onun intellektual təchizatı üçün avadanlıqlarla tanış olmaq mümkün olacaq.

Beləliklə, ölkənin nəqliyyat sahəsinin inkişaf etdiyi bir dövrdə, "Road and Traffic-2013" sərgisi işgüzar danışıqların aparılması və qarşılıqlı faydalı müqavilələrin imzalanması üçün ən münasib meydançadır və region infrastrukturunun gələcək inkişafı üçün münbit şəraitin yaradılması, birgə müəssisələrin qurulması və ölkə bazarında investisiya layihələrinin, habelə texnologiya və avadanlıqların təşviqinə xidmət edir. Sərgi öz işini 15 iyun tarixinə qədər davam etdirəcək.



Baxış sayı: 1075

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024