12px13px15px17px
Tarix:13/06/13

QHT-lər maliyyə hesabatlarını elektron qaydada necə təqdim edə bilər?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihələr üzrə maliyyə hesabatlarının təqdim edilməsi üçün Şuranın “www.e-qht.az” elektron xidmətlər portalında elektron hesabat proqram təminatı istifadəyə verilib.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şuranın xəbər portalı informasiya yayıb. Şura bildirir ki, QHT-lərin həyata keçirdikləri layihələrə aid maliyyə hesabatları 2013-cü il iyul ayının 1-dən başlayaraq yalnız bu proqram vasitəsilə qəbul ediləcək. QHT-lər hesabatı təqdim etmək üçün kod, şifrə və paroldan istifadə edərək, internet rabitəsi olan istənilən yerdən sistemə daxil olub xərclər haqqında məlumatları öz hesabatlarına yerləşdirə biləcəklər. Proqram təminatından istifadə qaydalarına aid təlimlərə 18 iyun 2013-cü il tarixdən start veriləcək.

Təlimlər Bakı, Sumqayıt və Abşeron rayonunda fəaliyyət göstərən QHT-lər üçün Milli QHT Forumunun (MQF) ofisində, region QHT-ləri üçün isə MQF-nin RQRTM-lərin ofislərində (Şirvan, Şəmkir, Mingəçevir, Qəbələ və Quba) təşkil ediləcək. Müvafiq kod, şifrə və parol QHT-yə Şura tərəfindən verilir. Kod, şifrə və parol Şura ilə müəyyən edilmiş formada müqavilə bağlandıqdan sonra QHT-nin rəhbərinə və ya rəsmi nümayəndəsinə (vəkalətnamə əsasında) təqdim edilir.

Müqavilə bağlamaq üçün ərizə formasına daxil olub çap edərək, müvafiq qeydləri etməklə Şuraya rəsmi qaydada təqdim edilməlidir. Region QHT-lərinə kod, şifrə və parolun verilməsi onlar üçün təşkil olunmuş təlimlər zamanı həyata keçiriləcək.

Bunu nəzərə alaraq təlimə gələn QHT rəhbəri özü ilə doldurulmuş ərizə formasını, şəxsiyyətini təsdiq edən sənədi və QHT-nin möhürünü gətirməlidir. Təlimlərin keçirilmə tarixi və yeri barədə QHT-lərə telefon və e-mail vasitəsilə məlumat veriləcək.

SEYMUR



Baxış sayı: 1360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020