12px13px15px17px
Tarix:19/06/13

Telman Əliyev: “Sentyabrdan etibarən zəlzələlərin yerini daha dəqiq deyə biləcəyik”

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə AMEA Kibernetika İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkarlamağa və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyəti nəticəsində gözlənilən zəlzələlərin təxminən harada baş verə biləcəyini əvvəlcədən demək mümkün olacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, hazırda Qum adası, Neftçala, Naftalan, Şirvan və Siyəzəndə stansiyalar fəaliyyət göstərir. Stansiyalarda neft quyularının boruları 3-6 km dərinlikdə çevrilmiş antena kimi istifadə olunur və hidrofon vasitəsilə 300-500 km radiusda seysmoakustik dalğalar qəbul olunur:

"Artıq AMEA-nın Naxçıvan bölməsinin iştirakı ilə Naxçıvanda anomal seysmik proseslərin başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən növbəti – sayca 6-cı stansiyanın quraşdırılması başa çatıb. Naxçıvan stansiyası çox informativdir. Sonra 7-ci, amma eksperimental stansiya Balaxanıda yaradılıb. Burada dayaz quyuda - 213 metrlik quyuda işlər aparılıb. Bu o deməkdir ki, bizim texnologiyanı təkcə neft ölkələrində deyil, neft olmayan ölkələrdə də tətbiq etmək mümkündür. 213 metr dərinlikdə neft quyusu yox, artezian quyusu da qazmaq olur". İnstitut əldə edilən təcrübənin yayılması üzərində də iş aparır:

"Biz başqa ölkələrə də müraciət edirik ki, belə bir sınaq, eksperiment həyata keçirmişik. Bu texnologiya dayaq quyularda da təcrübənin tətbiqinə imkan verir. Yəni dünyanın istənilən ölkəsində biz bunu tətbiq edə bilərik. Biz bundan sonra da daha 2, bəlkə də 3 stansiya düzəldəcəyik. Hətta zəlzələ olandan sonra yerüstü stansiyalar 20 stansiya vasitəsilə yeri müəyyənləşdirirlər. Yəni stansiyaların sayı çox olmayanda zəlzələnin yerini dəqiq tapmaq olmur. Azərbaycanda ümumilikdə 30 stansiya var. Bu imkan verir ki, zəlzələ koordinatlarını müəyyənləşdirək. Amma yerin dərin qatlarına gələn siqnalları 5-6 stansiya ilə təyin etmək mümkün deyil. Əgər baş verəcək zəlzələnin yerini 15-16 saat əvvəldən bilmək istəyiriksə, bizim stansiyalarımızın sayı çox olmalıdır. Hazırda stansiyaların birini Qazax-Astarada, digərini Yalamada quraşdırmaq fikrindəyik. Zaqatalada da stansiyanın quraşdırılması üzərində düşünürük, amma burada stansiyanın olub-olmayacağı hələ dəqiq deyil. Bu stansiyaların hamısının quraşdırılması bizə zəlzələnin yerini daha dəqiq təyin etməyə imkan verəcək. Fikirləşirik ki, sentyabra qədər bu stansiyaların quraşdırılmasını başa çatdıraq. Yəqin ki, artıq sentyabrdan etibarən zəlzələlərin yerini daha dəqiq deyə biləcəyik. Biz zəlzələnin dəqiq yerini müəyyən edəndən sonra onun maqnitudasını da tapa biləcəyik. Quraşdırılmış stansiyalar Azərbaycan, Təbriz də daxil olmaqla, İranın cənubu, Türkiyənin cənubu, Xəzər dənizi, ona yaxın ərazilər, o cümlədən Türkmənistanın müəyyən hissəsində anomal seysmik proseslərin monitorinqini aparmağa imkan verir".

Akademikin fikrincə, bu, dünyada ən ciddi elmi nəticələrdən biri olsa da, amma Azərbaycan ictimaiyyəti tərəfindən məsələnin əhəmiyyəti kifayət qədər dərk edilmir: "Bu, bəşəriyyət üçün çox ciddi problemin həllində elmi yenilikdir".

Qeyd edək ki, institut tərəfindən gözlənilən zəlzələlərin maqnitudlarının minimal qiymətlərinin təyin edilməsi üçün model və texnologiyalar yaradılıb. Dağıdıcı zəlzələlərin vurduğu ziyanın minimallaşdırılmasına imkan verən model, texnologiya, şəbəkə və sistemlər təklif olunub.

Müəlliflər tərəfindən yaradılan və tətbiq olunan texnologiyalar, vasitələr və sistemlər nüfuzlu elmi jurnallarda dərc olunmuş və patentləşdirilib. Eləcə də, müəyyən öyrətmə (təlim) mərhələsindən sonra, həm axtarılan koordinatların, həm də, zəlzələnin maqnitudunun təyininin dəqiqliyini korreksiya etməyə imkan verən texnologiyalar yaradılıb.

Hər bir stansiya zəlzələdən 10-20 saat əvvəl 300-500 km radiusunda 100 faiz etibarlılıqla ASP monitorinqini həyata keçirir. Lakin onların hər biri ayrı-ayrılıqda ASP ocağının koordinatlarını təyin etməyə imkan vermir. ASP ocağının koordinatlarının təyin edilməsi üçün, dörd və daha çox stansiyadan alınan seysmoakustik siqnalların sinxron analizinin aparılması lazımdır. Bu baxımdan da, stansiyaların sayının artırılması zərurəti yaranıb.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024