12px13px15px17px
Tarix:19/06/13

Azərbaycanda plastik kartların mobil rabitə vasitələri üzərindən istifadəsi zəruridir

Hazırda ölkəmizdə əhaliyə elektron xidmətlərin göstərilməsi üçün müvafiq tədbirlər icra edilib. Bəs əhalinin bu xidmətlərdən istifadə imkanlarının daha da genişləndirilməsi, xidmətlərin kütləviləşdirilməsi üçün hansı əlavə tədbirlərə zərurət var?

Bu barədə “Rabitə dünyası” ilə fikirlərini paylaşan AMEA-nın İqtisadiyyat İnstitutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə hesab edir ki, bu sahədə yalnız bir neçə detala diqqət yetirmək kifayətdir:

“Fikrimcə, bu gün Azərbaycanda elektron xidmətlər o qədər geniş inkişaf edib ki, burada əlavələri çox cüzi şəkildə aparmaq olar. Bundan başqa, dövlətimiz də bu məsələyə xüsusi diqqət ayırır. Belə ki, son zamanlarda respublika prezidenti tərəfindən elektron xidmətlər və “Elektron hökumət” haqqında sərəncamların imzalanması bu fikri tam sübuta yetirir. Həmin layihələr uğurla həyata keçirilir və cəmiyyətdə öz müsbət sosial missiyasını yerinə yetirir. İlk növbədə bu işlər korrupsiyaya qarşı fəaliyyətdə daha aydın nəzərə çarpır.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda hörmətli prezidentimizin dediyi kimi “...Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Elektron xidmətlər, “Elektron hökumət” layihələri isə bu istiqamətdə atılan çox önəmli addımlardır”.

Eyni zamanda, bir-iki istiqamət var ki, onları da daha tez inkişaf etdirsək, ümumi iqtisadi artım bundan faydalana bilər”. Emin Məmmədzadə bu sahədə kartlardan istifadə imkanlarının genişləndirilməsini vacib sayır:

“Bildiyiniz kimi, keçən əsrin 50-ci illərində bank plastik kartlarından ABŞ-da kütləvi şəkildə istifadə olunmağa başlandı, yəni iki gənc maliyyəçi – Bluminqdeyl və MakNamara yeni innovativ mikrokreditləşmə şəbəkəsini yaratmışdı. O vaxtdan müasir zamana qədər plastik kartlar böyük templərlə inkişaf edib və dünya təsərrüfatının bütün sahələrinə daxil ola biliblər. Bu da onların çox rahat ödəmə vasitəsi olduğu ilə bağlıdır. Təəssüf ki, Azərbaycanda bu kartların istifadəsi yalnız bank əməliyyatları və internet ticarəti ilə məhdudlaşır. Halbuki dünyanın inkişaf etmiş ölkələrində plastik kartlar tək bu sahələrdə yox, hətta daha çox gündəlik ticarət və xidmət dövriyyəsində istifadə olunur”.

Fəlsəfə doktorunun sözlərinə görə, Azərbaycanda plastik kartların mobil rabitə vasitələri üzərindən istifadəsi ilə bağlı tədbirlərin görülməsinə ehtiyac var:

“Məsələn, supermarketlərdə, ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, poçt daşınmasında, bələdiyyə və kommunal xidmətlərində və s. Lakin biz bu məsələdə hələ gecikirik, çünki artıq dünyada ödənişlərdə plastik kartlardan mobil rabitə vasitələrinə keçid trendi başlayıb. Bu məsələlərin isə geniş kütlələrdə yayılmasında, zənnimcə, KİV-in rolu danılmazdır. Yəqin ki, mediada elektron xidmətlərin üstünlüklərini təbliğ edən daha çox verilişlər və proqramlar hazırlanmalıdır”.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 416

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020