12px13px15px17px
Tarix:21/06/13

Gələn ilin sonuna qədər Azərbaycanın bütün məktəbləri genişzolaqlı internetlə təmin olunacaq

Bu gün Azərbaycanın bütün məktəblərinin genişzolaqlı internetə birləşdirilməsi prosesinə başlanılıb. Hazırda bu rəqəm təxminən 40 faiz ətrafındadır. Gələn ilin sonuna qədər respublikada bütün ümumtəhsil müəssisələrinin genişzolaqlı internetə 100 faizli birləşdirilməsi nəzərdə tutulur.

Görüləcək bu işlər "Azərbaycan-2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında da yer alıb. Konsepsiyaya əsasən, təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində olacaq. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcək.


Dövlət Proqramı çərçivəsində Azərbaycanın bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə yerləşən məktəblər) internet əlaqəsi ilə təmin olunacaq, hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaq. Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, təhsil alan bütün şagirdlər "1 şagird – 1 kompüter" layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər.

Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaq. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün "bulud" texnologiyaları tətbiq olunacaq.

Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə veriləcək. "Elektron məktəb"lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndiriləcək.

Özünütəhsilə və ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşdiriləcək, elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq olunacaq. İKT-nin təhsilin idarə edilməsinə səmərəli inteqrasiyası davam etdiriləcək, təhsilin vahid informasiya sisteminin yaradılması yolu ilə informasiya əsaslı idarəetmə mexanizmlərinin tətbiqi mümkün olacaq. Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndiriləcək və nəticədə təhsil sisteminin idarə edilməsində şəffaflıq artacaq.

Eyni zamanda, "Təhsil TV" onlayn televiziya kanalı yaradılacaq və geniş ictimaiyyətə təqdim ediləcək. Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə xüsusi önəm veriləcək.

Bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Qeyd edək ki, bu gün Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinə görə Şərqi Avropa ölkələri sırasında lider mövqedədir.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024