12px13px15px17px
Tarix:25/06/13

Gənc alimlər haqqında elektron məlumat bazası yaradılıb

Prezident yanında Elmin İnkişafı Fondu (EİF) regionlarda səyyar seminarların təşkilinə başlayıb. Fonddan bildirilib ki, EİF müsabiqələrdə iştirak etmək üçün elmi-tədqiqat layihələrinin hazırlanması, qrant ərizəsinin, digər sənədlərin düzgün tərtib olunması prosesinin asanlaşdırılması və effektivliyinin artırılması, müsabiqədə iştirak etmək istəyən şəxslərə - qrant iddiaçılarına kömək göstərilməsi məqsədi ilə alim və mütəxəssislərlə mütəmadi görüşlər, məsləhət seminarları keçirir, məsləhətləşmələr aparır, ortaya çıxan problemlərin həll edilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bir qayda olaraq, bu tədbirlər dialoq formatında keçirilir, suallar cavablandırılır, əyani vasitələrdən istifadə olunur. Alimlər tərəfindən verilən təkliflər EİF-in fəaliyyətində nəzərə alınır.

Sözügedən seminarlar da bu məqsədə xidmət edir. Fondun keçirdiyi birinci Gəncə regional məsləhət seminarında EİF-in icraçı direktoru Elçin Babayev ölkə başçısının elmə qayğı və diqqətinin nəticəsi olaraq, elmi tədqiqatların maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin rifahının daim yaxşılaşdırılması və onların fəaliyyətinin stimullaşdırılması istiqamətlərində vacib addımlar atıldığını, fondun fəaliyyətinin daim təkmilləşdirildiyini, zənginləşdirildiyini, bu işdə alim və mütəxəssislərlə birbaşa təmas qurulduğunu bildirib.
Seminarda həmçinin qeyd olunub ki, fond əsasən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin üstünlük təşkil etdiyi klassik qrant müsabiqələri ilə yanaşı, gənc alim və mütəxəssislər üçün müsabiqə, bütövlükdə Qarabağ tədqiqatlarına həsr olunmuş "Şuşa qrantı" müsabiqəsi, alimlərin xaricdə keçirilən konfranslarda, təcrübə artırmalarda iştirakına imkan verən "Mobillik qrantı" müsabiqəsi də keçirir. Böyük maliyyə həcmli pilot layihələri isə elmin müxtəlif sahə və istiqamətlərinin maddi-texniki bazasının (cihaz, avadanlıq və qurğular) ən müasir səviyyədə yenilənməsini, xaricdə aparıcı təşkilatlarda milli kadr hazırlığının Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur. EİF beynəlxalq əlaqələrini də ildən-ilə genişləndirir və birgə qrant müsabiqələrinin keçirilməsi üzrə əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir.

Bu baxımdan 2010-2011-ci illərdə Avropa Komissiyasının 7-ci Çərçivə Proqramı ilə əməkdaşlıq uğurlu olub. İki ölkənin müvafiq qurumları arasında beynəlxalq sazişə əsasən, keçirilmiş birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətində atılmış uğurlu addımlardandır. Bu müsabiqə çərçivəsində iki ölkənin alimlərindən ibarət müvəqqəti yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələri qrantlar şəklində dəstəklənir. Elmin İnkişafı Fondu ölkənin dövlət proqramlarında da uğurla iştirak edir.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq gənc alimlər üçün müsabiqələr keçirilib, onlar haqqında dolğun elektron məlumat bazası yaradılıb. 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (İKT) ili elan edilməsi ilə bağlı Dövlət Proqramında Elmin İnkişafı Fondunun da iştirakı nəzərdə tutulub. Cari ilin sonunadək İKT üzrə layihələrin dəstəklənməsi məqsədi ilə bir neçə müsabiqənin keçirilməsi planlaşdırılır.
 
 
Həqiqət İSABALAYEVA

 



Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024