12px13px15px17px
Tarix:28/06/13

Azərbaycan alimləri ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda olub

Azərbaycan alimləri ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTİ) ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu niyyətlə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli Amerikanın adıçəkilən institutuna səfər ediblər.

AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlar MTİ-nin Yer, Atmosfer və Planetar Elmlər Departamentinin rəhbəri Rob van der Hilst və əməkdaşları – Nafi Toksöz,  Robert Reilinger və Frank Morqan ilə görüşüblər.

Görüş zamanı AMEA Geologiya İnstitutu və RSXM ilə MTİ arasındakı mövcud əməkdaşlıqdan söhbət açılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Geologiya və geofizika elmi sahəsində gələcək müştərək tədqiqatların istiqamətləri və mövzuları müəyyən edilib.

MTİ-dəki tədqiqatlara Azərbaycandan gənc alimlərin təcrübə üçün cəlb olunması, həmçinin ABŞ alimlərinin Azərbaycana səfərləri və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. MTİ alimlərinin bu ilin payızında Bakıya səfəri gözlənilir.

Q.Yetirmişli bildirib ki, ABŞ mütəxəssislərinin Qafqazda seysmik prosesləri öyrənməyə böyük marağı var və onlar 10 ildən çoxdur bu istiqamətdə azərbaycanlı həmkarları ilə əməkdaşlığa üstünlük verirlər. O, bu əməkdaşlığı və təcrübə mübadiləsini yalnız tədqiqat imkanları yox, kadr hazırlığı baxımından da əhəmiyyətli hesab edir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024