12px13px15px17px
Tarix:04/07/13

“Azərbaycanda İnternet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə "Startup Azərbaycan" layihəsi çərçivəsində "Azərbaycanda İnternet-biznes: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda  konfrans keçirilib.

Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə gələcək iqtisadi hədəflərin iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulduğunu, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, xüsusən bu sahədə innovativ sahibkarlıq üçün əlverişli, münbit şəraitin yaradılacağını bildirib.

Qarşıdakı 8-10 il ərzində ölkədə rəqabətqabiliyyətli, ixrac potensiallı innovativ xidmət və məhsulların istehsalının genişləndirilməsinə diqqət çəkən nazir Azərbaycan bazarının əslində kiçik ölçülü olduğunu, buna  rəğmən bazarın çəkisinin artmasında innovativ inkişafın əsaslı rol oynayacağını vurğulayıb.

Bu baxımdan, "startup"ların yaradılmasının dövlət siyasətində əsas xətlərdən birini təşkil etdiyini də deyən Ə.Abbasov onların səmərəli şərtlərlə fəaliyyətinin, uğurlu inkişafının təmin edilməsi məqsədilə ədalətli rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatda və xüsusilə də istehlak bazarında inhisarlaşmanın məhdudlaşdırılması üzrə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

İnnovativ ideyaların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən daim dəstəklənəcəyini də vurğulayan nazir "startup"-çılara ilk növbədə ideyalarının patentləşdirilməsini tövsiyə edib.

Konfransın əhəmiyyətinə toxunan Azərbaycan İnternet Forumunun prezidenti, "Startup Azərbaycan"-ın rəhbəri Osman Gündüz  isə qeyd edib ki, məqsəd ölkədə internet-biznesin, xüsusilə də milli "startup"ların mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır: "Azərbaycanda internet, xüsusən genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı xeyli artıb, eyni zamanda elektron xidmətlər sahəsi də genişlənib və bu bazar da kifayət qədər inkişaf edib. Bununla belə, digər sahələrin inkişaf etdiyi dönəmdə "startup"-lar üçün müvafiq mühitin yaradılması da gündəmdədir. Bu baxımdan, internet-biznesin inkişafını ləngidən problemlərin səbəbləri və onların aradan qaldırılması yolları ilə bağlı səslənən təkliflər ümumiləşdirilərək, maraqlı tərəflərə  təqdim olunacaq".

Daha sonra tədbirdə "Startup Azərbaycan" layihəsinin yekunları haqqında təqdimatlar edilib, eyni zamanda "Startup Azərbaycan" müsabiqəsinin finalçıları elan olunub. Həmçinin konfrans "İnternet layihələrə dövlətin və özəl sektorun dəstəyi. İT investor nə üçün tapılmır?", "Milli ödəmə sistemləri və mobil ödəmələr. Elektron ticarət və "nağdsız cəmiyyət", "Azərbaycanda mövcud onlayn startup bazarı. Yeni ideyalar, yoxsa köhnə, artıq mövcud ideyaların "kopya"sı?  Startup var pul yoxdur, yoxsa pul var startup yoxdur" kimi mövzular ətrafında 3 panellə  davam etdirilib. Daha sonra konfrans ərəfəsində finala çıxan "startup"-larla investorların qapalı görüşü (pitç sessiya) təşkil olunub.

Qeyd edək ki, "Startup Azərbaycan"ın baş sponsoru "Bakcell" şirkətidir. "Microsoft", "İnfi Pro" şirkətləri də layihənin sponsorlarıdır.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 1442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024