12px13px15px17px
Tarix:08/08/11

Sürücülər cərimələri elektron formada ödəyəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişi üçün müvafiq APUS versiyasını istismara verib. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, AMB yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişini qəbul etməyə imkan verən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) müvafiq versiyasını istismara verib. Sözügedən informasiya sistemi ödənişləri bank kartları vasitəsilə www.apus.az saytında onlayn rejimdə və ya informasiya sisteminə qoşulmuş bank filiallarında (rayonlarda yerləşən regional filiallar daxil olmaqla) və «Azərpoçt»un bütün məntəqələrində nağd şəkildə qəbul etməyə imkan verir.
Sistemin texniki tətbiqini Azərbaycanın «SİNAM» şirkəti həyata keçirib. Yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin ödənişi üçün APUS ödənişlər sisteminin istifadəsi «elektron hökumət»in tətbiqi üzrə dövlət siyasətinə uyğundur. APUS sistemində abunəçinin kodu qismində sürücülük vəsiqəsinin seriyası və nömrəsi, invoysun nömrəsi qismində isə DYP əməkdaşının qayda pozuntusuna görə tərtib etdiyi protokolun nömrəsi çıxış edir.
APUS sistemində ödəniş zamanı cərimələr üzrə eyni qaydalar tətbiq olunur. İlk cərimə hesabı 10%-lik endirimlə təqdim olunur, əgər sürücü cəriməni üç gün ərzində ödəməzsə, endirim ləğv olunur və köhnə hesab cərimənin tam göstərildiyi hesabla əvəzlənir. Cərimə təyin edilmiş vaxtda ödənilməzsə yeni cərimə hesabı təqdim olunur. Həmin hesabda cərimənin ödənilmədiyi hər növbəti gün yeni hesablanır. Yeni ödəniş üsulu sürücülərin həyatını bir xeyli asanlaşdıracaq, çünki bir bankda ödəniş etmək və ödəniş qəbzini DYP-nə təqdim etmək zəruriyyəti aradan qaldırılacaq. Belə ki, ödəniş haqda məlumat 30 saniyə ərzində DİN Baş Dövlət Yol Polisi İdarəsinin verilənlər bazasına ötürüləcək. Analoji məlumatı APUS-da qeydiyyatda olan bütün təşkilatlar alacaqlar.
Qeyd edək ki, APUS sistemi mərkəzləşdirilmiş ödənişlərin təmin edilməsi məqsədilə AMB tərəfindən tətbiq edilib. Bu günədək sözügedən sistem qaz, su və elektrik enerjisinə görə kommunal ödənişləri qəbul edib. Xatırladaq ki, 2008-ci ildən APUS sisteminə 37 bank qoşulub. Ödənişlər 1 458 məntəqədə qəbul olunur. Ötən il ərzində kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi vasitəsilə ümumi dəyəri 184 mln. manat olan 11 mln. ödəniş həyata keçirilib.



Baxış sayı: 5969

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024