12px13px15px17px
Tarix:25/07/13

Azərbaycan dilində "Facebook" və "Twitter" sosial şəbəkələrindən istifadə üzrə 8 videotəlim çarxı yaradılıb


 
Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) həyata keçirdiyi "XƏTDƏ" Sosial Şəbəkə Akademiyası layihəsinin hesabatını cəmiyyətə təqdim edib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə şura sədri Şahin Seyidzadə həyata keçirdikləri layihənin əhəmiyyətindən söz açıb.

O bildirib ki, 6  ay davam edən layihədə respublikanın 8 iqtisadi rayonu üzrə 24 şəhərdən 1050 nəfər iştirak edib. İştirakçılara ümumi olaraq 38 təlim keçirilib. Sözügedən layihə nəticəsində Azərbaycanda "Facebook", "Twitter", "YouTube" və "Bloq" mövzuları üzrə 4 nəfərdən ibarət olan ekspert komandası formalaşıb, sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb.

O qeyd edib ki, ilk dəfə olaraq Azərbaycan dilində "Facebook" və "Twitter" sosial şəbəkələrindən istifadə üzrə 8 videotəlim çarxı yaradılıb və 1000-dən çox gənc sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrənib.
Layihənin məqsədlərindən söz açan Ş.Seyidzadə bildirib ki, burada əsas fikir gənclərə sosial şəbəkələrdən və internetdən düzgün istifadə qayda və yollarını aşılamaqdır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, Azərbaycan dövləti gənclərə istiqamətlənmiş çox böyük layihələr həyata keçirir: «O dövlətin gənclərinin həyatı dolğun, firavan, rahat olur ki, həmin dövlətin gənclərinin böyük əksəriyyəti təhsilli, mədəniyyətli olur, başqa dillərə, mədəniyyətlərə tolerant yanaşır, ətraf aləmdə mövcud olan yenilikləri kifayət qədər qavrayıb öz ölkəsinin, dövlətinin dilinə, mədəniyyətinə tətbiq etmək baxımından praktik olur».

Azərbaycan gəncliyinin aktiv şəkildə internetdən istifadə etdiyini vurğulayan Ə.Həsənov bunun sevindirici fakt olduğunu diqqətə çatdırıb: «Bu layihə də gənclərin internetdən düzgün istifadəsini aşılamaq baxımından əhəmiyyət daşıyır».
Sonra Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da böyük irəliləyişlər var:

«20 il bundan əvvəlin gəncinə “Facebook”, “Twitter” kimi terminlər əcaib görsənərdi. Bu gün isə Azərbaycan gənclərinin hər birinə bu terminlər tanışdır və onların böyük əksəriyyəti sosial şəbəkələrdən istifadə edir». Onun sözlərinə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişafının məntiqi nəticəsi kimi 2013-cü il ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub. Nazir müavini deyib ki, gənclər sosial şəbəkədən daha çox bir-biri ilə ünsiyyət üçün istifadə edirlər: "Bununla yanaşı, gənclər Azərbaycanın uğurlarını, tarixini, mədəni irsini təbliğ etməyi də qarşısına məqsəd qoymalıdır. Bundan başqa, sosial şəbəkələrdə biliklərin artırılması ilə bağlı gözəl imkanlar yaradılır, bunlardan istifadə edərək bilik və bacarıqların artırılması vacibdir".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də sosial şəbəkələrin gənclərin həyatındakı rolundan danışaraq  bildirib ki, Azərbaycanda insanların rifah halı artdıqca yeni imkanlar ortalığa çıxır. Hazırda ölkədə gənclərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı layihələr həyata keçirildiyini və bunu müsbət qiymətləndirdiyini önə çəkən millət vəkili təəssüflə vurğulayıb ki, bəzi hallarda sosial şəbəkələrdə xoşagəlməz hallar yaşanır:
«Azərbaycan gəncliyi bu kimi hallara qarşı öz mövqeyini ortaya qoymalıdır və qoyur da. Görürük ki, gənclərimiz dövlət əhəmiyyətli məsələlərdə çox həssasdır və internetdə aktiv formada ölkənin uğurlarının təbliğində iştirak edirlər».

Seymur Qasımbəyli
 




Baxış sayı: 759

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024