12px13px15px17px
Tarix:20/08/13

“Alov qüllələri”nin mehmanxana hissəsi telekommunikasiya xidmətləri ilə təchiz edilib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən "Alov qüllələri"ndə 2816 nömrə tutumu olan yeni NGN tipli ATS quraşdırılıb. Bu barədə BTRİB-dən verilən məlumatda bildirilir. Stansiyadan hələlik "Alov qüllələri"nin mehmanxana hissəsinə telefonlar çəkilib.

Biznes mərkəzi və yaşayış sahəsi isə yaxın vaxtlarda telefonlaşdırılacaq. Burada NGN texnologiyası imkan verən bütün xidmətlər tətbiq ediləcək. Bu texnologiya istifadəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ xidmətdən istifadə etmək imkanı verir.

Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.

   Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir. Müasir Bakının simvollarından birinə çevrilən bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir. Nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır.

Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılıb. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksəksəviyyəli xidmət göstərəcək.

Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksəksəviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət almışdır və məşhur otel brendlərinin ölkəmizə olan marağı xeyli artmışdır. Yerləşdiyi ərazi və mənzərəsi baxımından nadirliyi ilə fərqlənən "Fairmont Baku" oteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.

RƏVAN



Baxış sayı: 4581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024