12px13px15px17px
Tarix:23/08/13

Azərbaycanda pedaqoji kadrların 69 faizi İKT-yə dair xüsusi hazırlıq kursları keçib

Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi sahəsində vacib amillərdən biri də prosesə İKT bilik və bacarıqlarına yiyələnmiş kadrların cəlbidir. Kadr potensialının inkişaf etdirilməsi və pedaqoji kadrların İKT üzrə hazırlığı istiqamətində Dövlət proqramları çərçivəsində bir sıra tədbirlər həyata keçirilib.

Belə ki, son 8 ildə ölkənin ümumtəhsil məktəblərində 112156 müəllim və inzibati heyət İKT-yə dair xüsusi hazırlıq kursları keçib. Bu da pedaqoji kadrların 69 faizini təşkil edir. Dövlət ali məktəblərinin 12367 professor-müəllim heyətindən 1256 nəfəri, orta ixtisas təhsil müəssisələrinin isə 508 müəllimi İKT-yə dair xüsusi hazırlıq kurslarından keçib. Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, təhsil sisteminin pedaqoji heyəti tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə edilməsi üçün mövcud 2 kurikulum - Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında treninqlərdən keçir: “Bununla müəllimlər şəxsiyyətyönümlü, interaktiv və inteqrativ təlim metodları haqqında biliklər qazanır və texnologiyaları sinifdə gedən tədris prosesinə necə tətbiq etməyi öyrənirlər.

Eyni zamanda Dövlət Proqramı çərçivəsində “Azərbaycan Respublikası Təhsil Sisteminin inzibati idarəetmə heyəti üçün İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) təhsilə tətbiqi və idarəetmə texnologiyaları” adlı təlim vəsaiti hazırlanıb. Adıçəkilən tədris vəsaiti təhsil sisteminin inzibati idarəetmə heyətinə XXI əsr tədris metodları və eləcə də təhsildə müasir idarəetmə sistemləri haqqında biliklər əldə etməsinə kömək edir. Bundan başqa, respublika üzrə təhsil müəssisələrinin 1555 İKT üzrə laborantı üçün “Kompüter avadanlığının profilaktikası və şəbəkələrin əsasları” təlim kursları təşkil edilib. “Cisco” Şəbəkə Akademiyası çərçivəsində təhsil sisteminin texniki heyəti üçün “İT-nin Əsasları”, “Şəbəkələrin Əsasları 1-2” və “Şəbəkələrin Əsasları 3-4” qabaqcıl təlim kursları təşkil edilib.

“Microsoft” Korporasiyasının beynəlxalq təşəbbüsü olan, dünyanın bir sıra ölkəsində təbliğ edilən və müəllimlər üçün nəzərdə tutulmuş “Həmkara dəstək” proqramı Azərbaycanda Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqram məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirməsi və  həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqların daha da təkmilləşdirilməsinə yönəlib”.

Nazirlikdən qeyd edilib ki, “Həmkara dəstək” proqramı çərçivəsində fəaliyyət göstərən təlimçi-müəllim məktəblərdə çalışan digər müəllimlərə informasiya texnologiyalarının tədrisdə istifadəsi üzrə praktiki məsləhətlər verir: “Hər bir məktəbdə belə təlimçi-müəllimin olması pedaqoji heyətə tədrisdə İKT-nin istifadəsini asanlaşdırır. Proqram çərçivəsində 831 müəllim xüsusi təlimdən keçib”.



Həqiqət İSABALAYEVA



Baxış sayı: 1727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024