12px13px15px17px
Tarix:29/08/13

DSMF sədri: “Avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır”

İyul ayının 11-dən etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir.
 
Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Bu fikri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP-a müsahibəsində bildirib.
 
DSMF sədrinin sözlərinə görə, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nda əksini tapmış mühüm vəzifələrdəndir:
 
 
“Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən «Çağrı Mərkəzi»nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır”.
 
Sədr qeyd edib ki, sistemin tətbiq olunduğu ilk 1 aydan artıq müddət ərzində 245 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 92-si Bakı şəhərində, 153-ü isə bölgələrdə yaşayan vətəndaşlardır. Bir sıra müraciət edən şəxslərə 2006-cı ilədək əmək stajları barədə məlumatları fondun orqanlarına təqdim etməmələri səbəbindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb: “Biz bu barədə dəfələrlə məlumat vermişik və bir daha vurğulamaq istərdim ki, buna görə vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir. Ümumilikdə götürdükdə isə hər bir dövlət orqanında olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun da gündəlik işini informasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. 2003-2013-cü illər ərzində bu əsasda Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən qurulmuşdur”.
 
Fondun 74 yerli şöbəsində yeni ofis binaları tikilmiş və əsaslı təmir edilmiş, «incə müştəri» sistemli 2600 kompüteri əlaqələndirən yerli lokal şəbəkələr yaradılıb: “Bütün orqanlarda müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmışdır. Mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədər, yəni 1 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 581 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanmışdır. Hələ 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu «Avropanın uğurlu təcrübəsi» müsabiqəsinin «İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə» nominasiyası üzrə Avropa qalibi elan edilmişdir.
 
 Ötən ilin sonunda isə Dünya Bakı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Fondu «Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid» nominasiyası üzrə xüsusi sertifikata layiq görmüşdür”. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb və «Elektron hökumət» portalının statistikasına əsasən fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1064

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024