12px13px15px17px
Tarix:07/09/13

Fizika İnstitutunda və Milli Aviasiya Akademiyasında dünyada rəqabət imkanlı yarımkeçiricilərin sintez texnologiyası işlənib

AMEA Rəyasət Heyətində AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib. AMEA-dan verilən məlumata görə, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclasda FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlərdən danışıb. AMEA-nın müxbir üzvü Bahadır Tağıyev  isə “İşıq diod lüminoforları: fizika, texnologiya və texnika” mövzusunda elmi məruzə ilə çıxış edib.
 
 
O, məruzənin AMEA Fizika İnstitutu və Milli Aviasiya Akademiyasının Elmi tədqiqat nəqliyyat və aviakosmik problemlər institutunda effektiv luminessent materialların fizikası, texnologiyası və texnikası sahəsində aparılan elmi tədqiqat işləri və mikroelektron çeviriciləri, işıq diod mənbələrinin işlənməsi, onların Gəncə şəhər dəmiryol vağzalında quraşdırılması, işıqforlar, əks-sayma qurğularının işlənməsi və s. məsələlərin həllində öz əksini tapdığını bildirib.
 
 
B.Tağıyev qeyd etdi ki, müasir dövrdə işıq texnikası qarşısında iki mühüm problem (parlaq işıq diodlarının yaradılma texnologiyasını işləmək və parlaq işıq diodları üçün effektiv luminessent materiallarını sintez etmək) durur. Hər iki problem üzrə dünyada geniş elmi tədqiqat işlərinin aparıldığını söyləyən alim bildirib ki, Fizika İnstitutunda və Milli Aviasiya Akademiyasında dünyada rəqabət imkanlı “BaGa2S4”; “Eu” və  “Ce” tipli yarımkeçiricilərin sintez texnologiyası işlənib. Alınan elmi nəticələr indeksli xarici fizika jurnallarında nəşr olunub.
 
 
Tədbirdə AMEA Rəyasət Heyətinin “AMEA elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında” 18 iyul 2013-cü il tarixli sərəncamın və “Elmi nəticələrin keyfiyyətini qiymətləndirən eskpert-statistik yanaşma məruzəsi haqqında” 29 may 2013-cü il tarixli qərarının icrası, xaricdə doktoranturaya qəbul, Bakı Ekspo Mərkəzində keçiriləcək ümumrespublika sərgisinə FRTEB tərəfindən qəbul edilmiş materiallar, AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların monitorinqi məsələləri də müzakirə edilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024