12px13px15px17px
Tarix:12/09/13

İki ayda DSMF tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

Azərbaycanda  yaşa görə  əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı uğurla tətbiq edilməkdədir. Sistemin tətbiq olunduğu 2 ay ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 356 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.
 
 
Təyinat aparılan şəxslərin 135 nəfəri Bakı şəhərində, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub. Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib.
 
 
Eyni zamanda hər bir vətəndaşa bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib. Fonddan bildirilib ki, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq olunan bu sistem pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan  və vaxt itirmədən  “190-0 Cağrı Mərkəzi”nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
 
Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı ölkə prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq  həyata keçirilir. Hazırda avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılmaqdadır. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra həyata keçiriləcək.
 
Qeyd edək ki,  yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024