12px13px15px17px
Tarix:13/09/13

“Elektron hökumət” portalında ilk dəfə olaraq sahə üzrə çalışan insanlar üçün qeydiyyat proseduru sadələşdirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ictimaiyyətdən, əhalinin ayrı-ayrı nümayəndələrindən daxil olan sorğu, istək və təklifləri dəyərləndirərək, növbəti yeniliyə imza atıb.
 
 Belə ki, “www.e-gov.az” portalının səmərəli fəaliyyəti üçün təkmilləşdirmə işlərini davam etdirən MHM portala daxil olmuş müraciət əsasında müəllimlər üçün qeydiyyatdan keçərək, kod-parol əldəetmə prosedurunu sadələşdirib.
 
 
Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən portala hazırda 3 elektron xidmət inteqrasiya edilib ki, onlardan da biri “Müəllimlər haqqında məlumatlar” elektron xidmətidir. Xidmət Azərbaycanda istənilən müəllim haqqında ətraflı məlumatları, o cümlədən fəaliyyət göstərdiyi təhsil müəssisəsi, əsas təhsil sənədi sayılan diplomu, şəxsiyyət vəsiqəsi və s. haqda məlumatları təqdim edir.
 
Hazırda MHM-in sadələşdirdiyi prosedura uyğun olaraq, Təhsil Nazirliyinin əlaqəli qurumları ilə onlayn məlumat mübadiləsinin mümkünlüyü test edilməklə, qeydiyyatdan keçmə zamanı vətəndaşın PİN kodu əsasında onun məlumatları müəllimlərə aid informasiya bazasında axtarılır. Əgər axtarılan PİN kod bazada tapılarsa, onun müəllim olması təsdiqlənir. Bu təsdiqlənmədən sonra artıq qeydiyyatın növbəti addımlarında vətəndaşın sürücülük vəsiqəsi və ümumvətəndaş pastortu istənilmir. Müəllimlərdən yalnız onlara daha əlyetərli olan sənədlər - Dövlət Sosial Sığorta şəhadətnaməsi və diplomunun nömrələri istənilir. Bu məlumatlar doğru və düzgün daxil edildikdən sonra aktivasiya kodu göndərilir və müəllimlər portala daxil olmaq üçün sadələşdirilmiş kod və parol əldə etmiş olurlar.
 
 
Qeyd edək ki, sadələşdirilmiş kod-parolun əldə edilməsində Dövlət Sosial Sığorta şəhadətnaməsinin, ümumvətəndaşlıq və sürücülük vəsiqələrinin seriya nömrələrindən istifadə olunmaqla, portal üzərindən onlayn məlumat mübadiləsi nəticəsində qeydiyyatdan keçənlərin sayı artıq 20 000-ə çatıb.
 
 
Beləliklə, “Xalq kompüteri” və s. kimi birgə layihələrlə çıxış etmiş nazirliklərin informasiya sistemlərinin bu cür uzlaşdırılması nəticəsində ilk dəfə olaraq, sahə üzrə çalışan insanların portala qoşulmaları üçün daha sadələşdirilmiş üsul təqdim edilir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1107

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024