12px13px15px17px
Tarix:24/09/13

Azərbaycan alimləri tullantıları zərərsizləşdirən səyyar mini zavod ixtira ediblər

Azərbaycan alimləri tullantıları zərərsizləşdirən səyyar mini zavod ixtira ediblər. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kimya Problemləri İnstitutunun mütəxəssisləri tərəfindən icad edilən zavod məişət və sənaye tullantılarını zərərsizləşdirərək, bitkilər üçün gübrə hazırlayır.
 
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yeni texnologiya məişət tullantılarından təbii mineral birləşmələr əlavə etməklə gübrə almaq qabiliyyətinə də malikdir. Bu istiqamətdə tədqiqatlar institutun əməkdaşı, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərliyi ilə aparılıb. Onun sözlərinə görə, qurğudan alınan gübrələr hər növ bitkilərin yetişdirilməsində istifadə oluna bilər. Mini zavodun sayının çoxaldılması və ölkənin bütün rayonlarında istifadəsi nəzərdə tutulur. Yeni üsul AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodunda sınaqdan keçirilib və lazımi göstəricilər əldə olunub.
 
Nəticələr Quba Regional Aqrar Elm Mərkəzində tətbiq olunub. Orada 0.5 hektarlıq sahədə əkilmiş yoncanın məhsuldarlığı göstərib ki, bu üsulla alınmış gübrə klassik yolla alınmış gübrədən geri qalmır. Tədqiqatların nəticələri Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dəstəklənir. Bu günə qədər aparılmış tədqiqatlara və keçirilmiş sınaqlara Kimya Problemləri İnstitutu tərəfindən 3700 manat xərclənib.
 
 
Qeyd edək ki, ixtiraya Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Türkiyənin Sakarya Universitetindən patent alınıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1271

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024