12px13px15px17px
Tarix:26/09/13

Azərbaycanın İKT təşkilatları və şirkətləri BTİ-nin elan etdiyi müsabiqədə iştirak edə bilərlər

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)   İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti  (World Summit on the Information Society –WSIS) çərçivəsində “Layihə Prizləri-2014” müsabiqəsinin başlandığını elan edib.
 
Azərbaycanın İKT təşkilatları və şirkətləri də sözügedən müsabiqədə iştirak edə bilərlər. Məlum olduğu kimi, bu müsabiqə “WSIS”-in yerinə yetirilməsi üzrə nəticələrin, nailiyyətlərin nümayişi, tanınması üçün unikal layihədir. 2014-cü ilin 13 aprelinə qədər davam edəcək müsabiqə 4 mərhələdən ibarətdir.
 
Müsabiqənin sonunda “WSIS” üzrə müəyyənləşən 18 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq və mükafatlar “WSIS+10” yüksəksəviyyəli tədbirdə təqdim ediləcək. Müsabiqənin əsas hədəfi hər kəsə, maraqlı tərəflərə İKT sahəsində bacarıqlarını, nailiyyətlərini nümayiş etdirmək, uğurlu təcrübələrini paylaşa bilmək, həmçinin öz potensiallarını reallaşdırmaq imkanı vermək üçün platforma yaratmaq, bununla İKT sahəsində davamlı inkişafı sürətləndirməkdir.
 
Müsabiqə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin fəaliyyəti ilə bağlı Cenevrə İş Planında ifadə edilən 18 kateqoriyanı özündə ehtiva edir. Belə ki, burada müvafiq istiqamətlərin inkişafında dövlət idarəçiliyi orqanları və bütün əlaqədar tərəflərin rolu və dəstəyi əsas götürülür.
 
O cümlədən, İKT-nin tətbiqi; informasiya və rabitə infrastrukturu; məlumat və biliklərə keçid; potensialın yaradılması; İKT-dən istifadə vaxtı etibarlılıq və təhlükəsizliyin yaradılması; əlverişli şərt və şəraitin yaradılması; İKT əsasında proqramlar, o cümlədən elektron hökumət, elektron biznes, elektron təhsil, elektron səhiyyə, elektron məşğulluq, elektron ətraf mühitin qorunması, elektron kənd təsərrüfatı, elektron elm, mədəni müxtəliflik və mədəni orijinallıq, dil müxtəlifliyi və yerli məzmun, kütləvi informasiya vasitələri; informasiya cəmiyyətinin etik aspektləri, beynəlxalq və regional əməkdaşlıq kimi fəaliyyət istiqamətləri ön plana çəkilir.
 
Beləliklə, ilk mərhələ - layihələrin qəbulu noyabrın 1-də Cenevrə vaxtı ilə saat 23:00-da başa çatır. 15 noyabr-16 dekabrı əhatə edən ikinci mərhələdə layihələr ekspertlər qrupuna təqdim ediləcək. Ekspertlər qrupu İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin qərarlarının həlli və icrasında iştirak edən mütəxəssislərdən ibarət olacaq. Üçüncü mərhələdə -  16 dekabr-15 fevral 2014-cü ildə ictimai - onlayn səsvermə keçiriləcək və bu mərhələdə son səs yenə də Cenevrə vaxtı ilə saat 23:00-da qəbul ediləcək. Nəhayət, dördüncü mərhələnin -yüksəksəviyyəli mükafatlandırma mərasiminin 13 aprel 2014-cü ildə keçirilməsi planlaşdırılır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 750

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024