12px13px15px17px
Tarix:05/10/13

AZƏRBAYCANIN NÖVBƏTİ UĞURU: Ölkəmiz genişzolaqlı internetin inkişafı sahəsində gördüyü işlər üzrə dünyanın bir sıra ölkələrini geridə qoyub

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) və UNESCO-nun birgə təsis etdiyi Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiya (The Broadband Commission for Digital Development) tərəfindən hazırlanmış “State of Broadband Report”da (Dövlət Genişzolaqlı Hesabatı) Azərbaycan yenə də MDB ölkələri arasında bir sıra göstəricilərə görə aparıcı yerləri tutub.


Bu il təqdim edilən hesabatda Azərbaycan 194 ölkə arasında internetlə təchiz edilmiş ev təsərrüfatlarının yayılma faizinə görə MDB ölkələri arasında Qazaxıstandan, qonşu ölkələr arasında isə Türkiyədən sonra 46,8%-lə 24-cü yeri tutub, bununla da qonşu Gürcüstanı, İranı, Ermənistanı və MDB-nin bir neçə ölkəsini  geridə qoyub. Hesabatda təqdim edilmiş reytinq cədvəllərinə əsasən Azərbaycan dünya üzrə fərdlərin internetdən istifadə faizinə görə Qazaxıstanı, Rusiyanı, Belarusu, Gürcüstanı, Moldovanı qabaqlayaraq  54,2%-lə 66-cı yeri tutub. İnkişaf etməkdə olan 146 ölkə arasında tərtib  edilmiş  reytinq cədvəlində isə Azərbaycan MDB ölkələri arasında fərdi internet istifadəçilərinin yayılma faizinə görə 54,2%-lə 25-ci yerdə qərarlaşıb, bununla da  Qazaxıstanı, Braziliyanı, Türkiyəni, Çini, Tailandı, İranı, İndoneziyanı, Hindistanı, Pakistanı və reytinqdə iştirak edən 141 ölkəni qabaqlayıb.


Mobil genişzolaqlı internetin hər 100 nəfərə düşən istifadəçi sayına görə Azərbaycan 33,3%-lə 50-ci yeri tutub və Türkiyəni, İranı, Litvanı, Ukraynanı, Gürcüstanı, Ermənistanı və digər MDB ölkələrini geridə qoyub. Dünya ölkələri arasında hər 100 nəfərə düşən stasionar genişzolaqlı internet istifadəçilərinin sayına görə isə reytinqdə Azərbaycan MDB ölkələri arasında ilk beşlikdə Litva, Latviya, Belarus və Rusiyanı geridə qoyaraq dördüncü yeri tutub və 194 dünya ölkəsi arasında 13,8%-lə 52-ci yerdə qərarlaşıb. Bu reytinqdə Azərbaycan Türkiyə, Moldova, Qazaxıstan, Gürcüstan, Ermənistan, İran və s. ölkələri geridə qoyub.  


Hesabatda yüksəksürətli internetlə təmin edilmiş ailələrin sayına görə (əhalinin 97%-dən çox hissəsi) Koreya Respublikası birinci yeri tutub, halbuki stasionar genişzolaqlı internet xidmətlərindən istifadə edən fərdi istifadəçilərin sayına görə rekord göstəricini (əhalinin 40%)  İsveçrə göstərib. Müqayisə üçün qeyd edək ki, ABŞ internetlə təmin edilmiş ailələrin sayına görə reytinqdə dünya üzrə 24-cü yeri, fərdi istifadəçilərin sayına görə isə Finlandiya və Yaponiyadan sonra 20-ci yeri tutub. Hazırda dünyada əhalisi  internetdən istifadə edən ölkələrin sayı 70-dən çoxdur. Dünya üzrə bu göstəriciyə görə ilk onluğa 8-ci yeri tutmuş Yeni Zelandiya və 10-cu yeri tutmuş Qətəri istisna etsək, Avropa ölkələri daxildir.


Azərbaycana gəldikdə isə, informasiya- kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf edən sahə olduğu üçün ölkənin nailiyyətləri ilə yanaşı, gələcək hədəfləri də var. Belə ki, hesabatda qeyd edildiyi kimi, genişzolaqlı internetin inkişafı planlı şəkildə həyata keçirilməlidir. Bununla bağlı artıq ölkədə “Genişzolaqlı İnternetin İnkişafı üzrə Dövlət Proqramı”nın hazırlanması üzrə işlərə başlanılıb və Dövlət Neft Fondu tərəfindən bu layihənin həyata keçirilməsi üçün ilkin investisiyalar da təsdiq edilib. Proqramın tezliklə həyata keçirilməsi, ölkədə İKT sektorunun daha da intensiv inkişafına zəmin  yaradacaq.

Hesabatdan belə nəticə çıxarmaq olar ki, genişzolaqlı internetin inkişafının gələcəyi mobil texnologiyaların tətbiqindən keçir, çünki məhz bu texnologiyalar ən yüksək sürətlə hazırda dünyada inkişaf edir. Belə ki, dünya üzrə mobil internetdən istifadə edən, smartfon, planşet və “Wi-Fi” adapteri ilə təchiz edilmiş noutbuk, istifadəçilərinin sayı hər il 30% artır. Bu ilin sonuna kimi mobil internet istifadəçilərinin  stasionar genişzolaqlı internet istifadəçilərinin sayından üç dəfədən çox olacağı proqnozlaşdırılıb.  Komissiyanın vitse-sədri və UNESCO-nun baş direktoru İrina Bokovanın sözlərinə əsasən, genişzolaqlı internetin qlobal yayılması təhsil imkanlarının genişləndirilməsi, məlumat mübadiləsinin asanlaşdırılması və müxtəlif dil və mədəniyyət mənşəli informasiya massivlərinə çıxış sahəsində böyük potensial yaradır.
“Bu texnologiya təhsilə çıxış imkanlarını genişləndirə bilər, onun keyfiyyətini yaxşılaşdıra bilər, kişi və qadınların, qız və oğlanların mövcud bacarıqlarını dəfələrlə artıra bilər. Lakin bunun üçün impuls, plan və konkret tədbirlərin görülməsi tələb olunur”,- deyə o bildirib.

İTU-nun baş katibi Hamadun Ture öz növbəsində qeyd edib ki, hesabatda təqdim edilən yeni analitik məlumatlar genişzolaqlı internetin yayılmasında tərəqqinin göstəricisidir.

“Lakin biz geridə qalanları nəzərdən qaçırmamalıyıq. Aktiv şəkildə internetdən istifadə edən insanların sayının artması ilə yanaşı, dünyanın 49 az inkişaf edən ölkələrinin 90%-dən çox əhalisinin internetə çıxışı yoxdur. İnternetə yüksəksürətli çıxış, gələcək sosial və iqtisadi inkişafın, o cümlədən kasıb ölkələrin əsasını yaradan amildir. Bu texnologiya informasiya massivi və müvafiq xidmətlərlə birlikdə səhiyyənin, təhsilin, ətraf mühitin qorunması, qadınların hüquqlarının və imkanlarının artırılması sahəsində müşahidə olunan boşluqları doldurmağa imkan yarada bilər»,- o qeyd edib.  

Builki hesabatda ilk dəfə olaraq, genişzolaqlı internetin inkişafında yeni məqsədi kimi  “2020-ci ilədək yüksəksürətli internetə çıxış sahəsində gender bərabərliyi” göstərilib. Bu məqsəd komissiyanın mart ayında Meksikada keçirilmiş qurultayında müəyyən edilib.  İnkişaf etmiş ölkələrdə cinsi natarazlıq o qədər bilinmədiyi halda, inkişaf edən ölkələrdə gender bərabərsizliyinin səviyyəsi proporsional şəkildə artır.
Əsas gələcək tendensiyalar kimi hesabatda genişzolaqlı internetin, o cümlədən mobil internetin yayılması göstərilib. Son iki il ərzində mobil telefon istehsalı sənayesində daha bir milyard artım müşahidə olunub və buna paralel olaraq mobil telefondan istifadə etməyi öyrənən insanların sayında dünya üzrə yüz milyonlarla artım müşahidə olunub. Bu da öz növbəsində genişzolaqlı internetin inkişafında yeniliklərin tətbiqini zəruri edir.  Genişzolaqlı şəbəkələr yeni innovativ xidmətlərin tətbiqinə şərait yaradacaq və eyni zamanda təhsil, səhiyyə, bank işi, kənd təsərrüfatı, dövlət idarəçiliyi sahəsi üçün yeni  servislər təqdim edəcək. Bununla yanaşı 2015-ci ilədək, komissiyanın köməyi ilə genişzolaqlı şəbəkələrin unifikasiyası nəzərdə tutulub, bu da öz növbəsində 134 ölkənin milli genişzolaqlı şəbəkələrinin universal siyasətini yaratmaqda proqresə gətirib çıxaracaq. Gələcək planlarda son istifadəçiləri birləşdirə biləcək universal genişzolaqlı şəbəkənin yaradılması planlaşdırılır. Bu şəbəkə universal servis təlimatlarını, servis fondlarını (USFs), son nəsil peyk, yeni yaxşılaşdırılmış texnologiyalar kimi milli məqsədləri ehtiva edəcək. Bu məqsədlərə nail olmaq üçün hökumətin, sənayenin və digər marağı olan tərəflərin birgə  əməkdaşlıq şəraitində işləməyi tələb olunur. Bunun üçün  elə bir mexanizm yaradılmalıdır ki, aşağı qiymətlə yüksəksürətli interneti mümkün qədər geniş əhali kütləsi üçün əlçatımlı etsin.
BTİ bu ilin sonuna kimi 2,1 milyard mobil genişzolaqlı internet qoşulmasının olacağını proqnozlaşdırır, bu da qlobal mobil qoşulmalar ehtiyatının üçdə biri  deməkdir. Beləliklə, mobil telefon istifadəçiləri iş yerinə bağlı olmayacaqlar və onların ofisə, banka, poçta, klinikaya getmələrinə ehtiyac qalmayacaq, mobil telefon artıq pula və kommunikasiya xidmətlərinə çıxış kimi istifadə ediləcək, və istifadəçi yerləşdiyi yerdən asılı olmayaraq istənilən xidmətdən, kitabdan, təhsildən və işdən yaralana biləcək.

Hazırda mobil genişzolaqlı şəbəkə istifadəçilərinin (Mobile broadband)  sayı 2 milyard, mobil qurğu istifadəçilərinin sayı isə (Mobile subscriptions) 4,5 milyarddan çoxdur.  2018-ci ilədək bu göstəricilərin müvafiq olaraq təqribən 7 milyardadək və 9,5 milyardadək artması gözlənilir.   

Ehtimal edilir ki, bu LTE texnologiyasının geniş tətbiqi nəticəsində baş verəcək və 2018-ci ilədək bu texnologiyadan istifadə edənlərin sayının 500 milyonadək artacağı gözlənilir, “4G” texnologiyasının istifadəçilərinin sayının isə yaxın 5 il ərzində 10 dəfə artacağı gözlənilir.  Bütün bunlar qlobal səviyyədə insanın və cəmiyyətin yaşam tərzinə əsaslı dəyişikliklər gətirəcək, artıq mobil qurğular təkcə oyunlar üçün deyil, insanın gün ərzində həyata keçirəcəyi ödənişlər, görəcəyi işlərin yerinə yetirilməsi, təhsil alması üçün istifadə ediləcək. Proqnozlara görə, 2016-cı ilədək genişzolaqlı qoşulmaların 80%-i mobil olacaq və bu cür qoşulma imkanı ilə ucuz mobil qurğuların mövcudluğu uzunmüddətli perspektivdə  mobil genişzolaqlı şəbəkələrin 100% yayılmasına gətirəcək.

Beynəlxalq təcrübəyə əsasən, istifadəçilər gündəlik həyatlarında həyata keçirdikləri əməliyyatları, kommunal ödənişlər, kredit ödənişləri, səhiyyə müəssisələrində qəbula yazılmaq, teletibb, onlayn təhsil kimi xidmətlərə çıxış, dövlət xidmətlərindən onlayn istifadə etmək , o cümlədən arayışların alınması, sənədləşdirmə işlərini və s. mobil qurğular vasitəsilə internet üzərindən həyata keçirmək imkanı əldə etdikdə bu sahə daha da çox inkişaf edəcək. Eyni zamanda, mobil internetin və aşağı qiymətli mobil qurğuların geniş yayılması şəhərlə kənd arasında mövcud olan rəqəmsal qeyri-bərabərliyi aradan qaldırmaqda ən effektiv metodlardan biridir. Fiber-optik  infrastrukturla yanaşı, son nəsil mobil şəbəkələrin ölkə regionlarında inkişaf etdirilməsi nəticəsində qlobal tendensiyalara uyğun şəkildə ölkədə genişzolaqlı internetin yüksək səviyyədə inkişafına nail olmaq mümkündür.
 
Aynur Vəliyeva



Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Noyabr 2019

11 11 2019