12px13px15px17px
Tarix:07/10/13

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP): “TASİM” Avropa ilə Asiyanı birləşdirəcək ən vacib layihədir


 
BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Asiya və Okeaniyanı təmsil edən qurum kimi “EuraCA”-ya qoşulmağa hazır olduğunu bəyan edib.   
 
 
Filippinin Manila şəhərində “ESCAP”-ın keçirdiyi “Asiya İnformasiya Supermagistralı və Regional Bağlantı” üzrə Ekspert Məsləhətləşmələrində “TASİM” işçi qrupunun rəhbəri Zaur Həsənov və layihənin baş məsləhətçisi Fikrət Paşayev iştirak ediblər. Tədbirə ABŞ, Böyük Britaniya, Çin, Koreya, Vyetnam və sair ölkələrin telekommunikasiya sahəsində fəaliyyət göstərən 22 özəl və dövlət qurumlarının rəhbərləri qatılıb.     
 
 
Tədbirin əsas məqsədi bütöv Asiya regionu (Orta Asiya, Cənub-Şərqi Asiya, Əfqanıstan, Monqolustan, Okeaniya adaları və sair) mövcud kommunikasiya layihələrini müzakirə etmək, ortaq olduğumuz problem və imkanlar barədə ekspert səviyyəsində məsləhətləşmələr aparmaq olub.
 
 
Tədbiri giriş sözü ilə açan “ESCAP”-ın İKT və İnkişaf Seksiyasının müdiri Tiziana Bonapace BMT-nin Baş Assambleyasında “EuraCA” haqqında qətnamənin qəbul olunmasını ekspertlərin diqqətinə çatdırmış və onun regional rabitə keyfiyyətinin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.
 
Daha sonra ekspertlərin çıxışları və müzakirələri başlanılıb. “TASİM” layihəsi haqqında qonaqlara tədbirin ikinci hissəsində məlumat verilib. “TASİM: transkontinental genişzolaqlı rabitə üzrə təcrübələr və dərslər” (TASIM/EuraCA: New platforms for improving connectivity in Eurasia) başlığı altında çıxışında “TASİM” layihəsinin işçi qrupunun rəhbəri Zaur Həsənov Azərbaycanın 1994-ci ildən bu günə kimi apardığı ardıcıl və düşünülmüş siyasəti, Bakı-Tiflis-Ceyhan boru kəməri, Bakı-Axalkalaki-Qars dəmir yolunun inşası, çoxlu sayda yeni hava və dəniz limanlarının yenidən tikildiyi dinləyicilərin diqqətinə çatdırılıb.
 
 İşçi qrupunun rəhbəri qeyd edib ki, “TASİM” layihəsinin də yaranması aparılmış məqsədyönlü siyasətin, Qərblə Şərqin birləşməsinə xidmət edən Azərbaycanın digər uğurlu layihələrinin məntiqi davamı kimi qəbul olunmalıdır. Eyni zamanda,  “TASİM” layihəsinin texniki göstəriciləri barədə məlumat verilib və “EuraCA”-nın yaranmasının zərurəti vurğulanıb. 
Filippində baş tutan görüşlər zamanı həmçinin mövcud “choke points” - Harmuz, Sisiliya, Luzon və Mallaka boğazları sayılan ərazilərdə dənizaltı kabellərin yaratdığı gərginlikdən və “TASİM”-in bu baxımdan üstünlüyü müzakirə olunub.
 
 
Manila ekspertlər məsləhətləşmələrinin yekunu olaraq rəylər və məsləhətlərin siyahısı tərtib edilib. Həmin siyahıda “TASİM” və “EuraCA”-ya aid iki maddə də əlavə edilməyib. Belə ki, 11-ci bənddə BMT Baş Assambleyasının 67-ci sessiyasında “EuraCA”-nın yaradılması üzrə qətnamə ekspertlər tərəfindən dəstəklənib. Həmçinin, ekspertlər “TASİM”-i yalnız regional, Asiya və Avropanı birləşdirən, əməkdaşlığı və araşdırma mübadiləsini təmin edən mühüm layihə kimi, eyni zamanda geniş Asiya İnformasiya Supermagistralının mütləq hissəsi kimi dəyərləndiriblər.
 
 
23-cü maddədə “ESCAP”-ın Asiya və Okeaniyanı təmsil edən qurum kimi “EuraCA”-ya qoşulmağa hazır olduğu bəyan edilib.   
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1606

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024