12px13px15px17px
Tarix:08/10/13

2013-cü ilin sonunadək planetin əhalisinin təxminən 40%-i internetdən istifadə edəcək

Son ildə “Ümumdünya Hörümçək Toru”na 250 milyondan çox insan qoşulub. 2013-cü ilin sonunadək planetin əhalisinin təxminən 40%-i  internetdən istifadə edəcək. Koreya Respublikası informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində üçüncü il ardıcıl olaraq lider olub.
 
 Sonrakı yerlərdə İsveç, İslandiya, Danimarka, Finlandiya və Norveç qərarlaşıb. Aparıcı ölkələrin onluğuna, həmçinin Hollandiya, Böyük Britaniya, Lüksemburq və Honkonq (Çin) daxildir.
 
Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) himayəsi altında hazırlanmış "İnformasiya Cəmiyyətinin Ölçülməsi - 2013" adlanan yeni hesabatda qeyd olunub.
 
Hesabat müəllifləri bildiriblər ki, smartfon və planşetlərdən istifadəyə əsaslanan mobil genişzolaqlı rabitə hazırda dünya bazarının ən sürətli inkişaf edən seqmentidir. Onlar bütün dünyada informasiya-kommunikasiya texnologiyaları üzrə məhsul və xidmətlərə tələbatın artmasını, mobil və genişzolaqlı rabitə xidmətləri üzrə qiymətlərin daima azalmasını, həmçinin “3G” texnologiyalarının tətbiqinin populyarlaşmasını qeyd ediblər.
Hesabata əsasən, 2013-cü ilin sonunadək mobil rabitə üzrə abunəçilərin sayı 6,8 milyard olacaq ki, bu da demək olar ki, planetimizin əhalisinin sayına bərabərdir. İnternetə qoşulan insanların sayı 2,7 milyard olacaq, hərçənd ki sürət və qiymət regionlardan asılı olaraq fərqlənəcək.
Hesabatda, həmçinin dünyanın 157 ölkəsinin məlumatlarından ibarət İKT-nin inkişaf indeksi öz əksini tapıb. Bu məlumatlar İKT sahəsində ən son texnologiyalardan istifadə və bacarıq imkanlarını ifadə edir. İlk 30-da yüksək gəlir səviyyəsinə malik ölkələr yer alıb, bu da İKT sahəsində gəlir və inkişaf arasında möhkəm qarşılıqlı əlaqədən xəbər verir. Sözügedən siyahıda Rusiya 40, Belarus 41, Azərbaycan 61, Moldova 65, Ukrayna 68, Gürcüstan 71 və Ermənistan 74-cü yerdə qərarlaşıb.

Yeni hesabatın müəllifləri vurğulayırlar ki, son onillikdə inkişaf etməkdə olan ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə səylərə baxmayaraq, inkişaf etmiş ölkələrlə onlar arasında "rəqəmli sərhəd" hələ də mövcuddur.

2013-cü ilin sonunadək planetin əhalisinin 40%-i internetə qoşulacaq, lakin 1,1 milyard ailə və ya 4,4 milyard insan internetə çıxış imkanına malik olmayacaq.

Emil Hüseynov
 
 



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024