12px13px15px17px
Tarix:10/10/13

Məktəblilər istixana qazlarının azaldılmasının əhəmiyyəti ilə bağlı kompüter oyunları hazırlayacaqlar

Məktəblilər istixana qazlarının azaldılmasının əhəmiyyəti ilə bağlı kompüter oyunları hazırlayacaqlar. Bu oyunlar “SPARE-Azərbaycan”ın 2013/2014-cü tədris ili üzrə “Enerjini qoru! Planeti qoru” şüarı altında elan etdiyi müsabiqə çərçivəsində hazırlanacaq.
 
Sözügedən fəaliyyət müsabiqənin 4 nominasiyasından birinə aiddir. Belə ki, “İctimaiyyətin effektiv maarifləndirilməsi” nominasiya qrupu üzrə vizual və çap formatında informativ materialların hazırlanması nəzərdə tutulur. Bu materiallar ictimaiyyət nümayəndələrini, o cümlədən valideynlər, dostlar, müəllimlər, habelə məktəblinin yaşadığı ərazinin sakinlərini istixana qazlarını azaltmağın zəruriliyinə inandıra bilməlidir.
 
Eyni zamanda yerli (məktəb, ev, rayon, kənd) səviyyədə hansı praktik fəaliyyətləri həyata keçirməklə müsbət nailiyyət əldə ediləcəyini məsləhət görməlidir. Beləliklə, bu nominasiya üçün buklet, qəzet, video, multimedia, “PowerPoint” təqdimat və kompüter oyunlarının yaradılması tövsiyə edilir.
 
Bu nominasiya qrupu üçün “Microsoft PowerPoint” və ya “Adobe PDF” formatında olan təqdimatlar 1 Mb-dan geniş olmamalıdır. “WMV”, “DIVX” və “MPEG-1” formatında olan videolar, “Micromedia Flash” (SWF) formatında olan cizgi filmləri “www.youtube.com.”-  da yüklənməlidir. Kompüter oyunları, qovluğun həcmi (sıxılmış formada) 2 Mb olmazsa qəbul olunacaq. Videolar dedikdə, 1-2 dəqiqəlik klip nəzərdə tutulur.
 
 
Qeyd edək ki, müsabiqədə iqlim dəyişikliyi, enerjiyə qənaət, yerli ehtiyaclar üçün bərpa olunan enerji mənbələrindən istifadə, məktəb binalarında enerji səmərəliliyini artırmaqla bağlı məktəbli layihələri və ictimai maarifləndirmə sahəsində praktik fəaliyyətlər həyata keçirmiş, həmçinin bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlı olan müəllim və şagirdlər iştirak edə bilərlər.
 
Müsabiqə üçün materiallar Azərbaycan, rus və ya ingilis dillərində elektron formada  hazırlanmalıdır. Müsabiqəyə təqdimatların göndərilməsi üçün son tarix 27 dekabrdır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1156

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024