12px13px15px17px
Tarix:12/10/13

RİTN-də 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib

  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin 9 ayının yekunlarına dair kollegiya iclası keçirilib. İclasda 9 oktyabr prezident seçkilərində 84,55 % səslə qalib gəlmiş İlham Əliyevə qələbə münasibətilə rabitəçilər adından ünvanlanmış rəsmi təbrik məktubu oxunduqdan sonra rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçki sistemində İKT-nin tətbiqinə toxunaraq, bu addımın prosesin daha şəffaf, ədalətli və mütərəqqi qaydada keçirilməsinə yönəldiyini vurğulayıb.
 
Daha sonra nazir prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.
 
Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri olduğunu da bildirən nazir qeyd edib ki, Dünya İqtisadi Forumunun (DİF) "Qlobal informasiya texnologiyaları 2013" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək, dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayına görə MDB və Orta Asiya ölkələri arasında lider olmaqla, 144 ölkə arasında "İKT-yə dəstəkdə hökumətin uğurları" indeksi üzrə 8-ci, "Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi" indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb. Həmçinin, DİF-nin "Global rəqabətlilik 2013-2014" hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutub və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında lider olaraq qalıb.
 
     Daha sonra kollegiya iclasında cari ilin 9 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda  artım tempi 10.5 faiz təşkil edib, eyni zamanda "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı"na müvafiq olaraq 9 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
 
     Kollegiyaya yekun vuran nazir gələcək hədəflərə toxunaraq, ölkə başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamları, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini qeyd edib. BMT Baş Assambleyasının son qətnamələri ilə dünya birliyi tərəfindən yaxından dəstəklənən, Azərbaycan hökumətinin təşəbbüsü ilə yaradılan "Avrasiya Rabitə Alyansı" ("Eurasian Connectivity Alliance"- EuraCA) və "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihələrinə də toxunan nazir ölkədə "İKT ili" üzrə Tədbirlər Planının icrasının sürətləndirilməsi, həmçinin rəqəmli TV yayımının genişləndirilməsi, tezlik resurslarının idarəolunması və qorunması, tənzimləmə, lisenziyalaşdırma, informasiya təhlükəsizliyi, "E-hökumət", "Elektron imza", ümumilikdə elektron xidmətlərin həcminin artırılması, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, "Bakutel" sərgi-konfransına hazırlıq işlərinin sürətləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması və bu sahənin mikrokreditlər sisteminə qoşulması ilə bağlı imkanların araşdırılması, RİTN-in tabeliyində olan birlik və müəssisələrdə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni, mütərəqqi idarəetmə mexanizmləri ilə bağlı islahatların, həmçinin işçilərin sosial rifah halının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması üzrə müvafiq tövsiyələrini bildirərək, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlarını da verib.



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024