12px13px15px17px
Tarix:19/10/13

BTİ-nin qlobal reytinqi


  • 2012-ci ildə internetə 250 milyon istifadəçi qoşulub.
  • Koreya Respublikası İKT üzrə reytinqə üçüncü il ardıcıl olaraq liderlik edir.
  • 2013-cü ilin sonuna qədər dünya əhalisinin 40%-i internetə qoşulacaq, lakin 1,1 milyard ev təsərrüfatının və ya 4,4 milyard nəfərin internetə çıxış imkanı olmayacaq.   
  • Hazırda mobil genişzolaqlı rabitə qiymət baxımından stasionar genişzolaqlı rabitə ilə müqayisədə daha münasibdir.
  • Hazırda demək olar bütün dünya mobil rabitə xidmətləri ilə əhatə olunmaqdadır.
  • Genişzolaqlı rabitənin sürəti artır; hazırda ən populyar əsas xidmət paketi üçün sürət 2 Mbit/s təşkil edir.
 
BTİ-nin "İnformasiya Cəmiyyətinin Ölçülməsi - 2013" illik hesabatına əsasən, smartfon və planşetlərdən istifadəyə əsaslanan mobil genişzolaqlı rabitə qlobal İKT bazarının ən sürətli inkişaf edən seqmenti olub.
Hesabata əsasən, dünyada informasiya-kommunikasiya texnologiyaları üzrə məhsul və xidmətlərə tələbatın artması, mobil və genişzolaqlı rabitə xidmətləri üzrə qiymətlərin daima azalması, həmçinin "3G" texnologiyalarının tətbiqinin populyarlaşması müşahidə olunub.



2013-cü ilin sonunadək mobil rabitə üzrə abunəçilərin sayı 6,8 milyard olacaq ki, bu da, demək olar ki, planetimizin əhalisinin sayına bərabərdir.  

Bundan başqa, qiymətləndirmələrə görə, internetə 2,7 milyard insan qoşulacaq, lakin onun sürəti və qiyməti müxtəlif regionlardan asılı olaraq fərqlənəcək.
"3G" və "3G+" şəbəkələri üzrə mobil genişzolaqlı qoşulmaların orta illik artım sürəti 40% təşkil edir ki,  bu da mobil genişzolaqlı rabitə üçün 2,1 milyard müqavilə deməkdir. Hazırda dünya əhalisinin 50%-i "3G" şəbəkəsi ilə əhatə olunub.
 
İKT-nin inkişaf indeksi üzrə ölkələrin reytinqi
 
BTİ-nin "İnformasiya Cəmiyyətinin Ölçülməsi - 2013" hesabatında dərc edilmiş yeni məlumatlara əsasən, Koreya Respublikası üçüncü il ardıcıl olaraq İKT-nin ümumi inkişafı üzrə dünyada lider elan edilib. İsveç, İslandiya, Danimarka, Finlandiya və Norveç sonrakı yerlərdə qərarlaşıb.

Aparıcı 10 ölkə sırasına, həmçinin Hollandiya, Birləşmiş Krallıq, Lüksemburq və Honkonq (Çin) daxildir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union-ITU) himayəsi altında 2013-cü il üzrə hazırlanmış İKT-nin inkişaf indeksində 157 ölkə İKT-yə çıxış səviyyəsi, onlardan istifadə və İKT sahəsində biliklər üzrə təsnif olunur, həm də 2011və 2012-ci illərin göstəriciləri müqayisə olunur.
 
Aparıcı ölkələr və qoşulma ilə bağlı problemlər
 
İKT-nin inkişaf indeksinə görə 30 aparıcı ölkə sırasına daxil olan ölkələr yüksək gəlir səviyyəsinə malikdirlər ki, bu da   İKT sahəsində gəlirlər və tərəqqi arasında möhkəm qarşılıqlı əlaqədən xəbər verir.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında böyük fərqlər mövcuddur.

Sənəddə, həmçinin "daha dinamik ölkələr" qrupu qeyd edilib. Həmin ölkələrdə son 12 ayda İKT-nin inkişafı üzrə reytinqdə orta səviyyəni üstələyən nəzərəçarpacaq dəyişikliklər göstərilib. Belə ölkələr sırasına (daha çox uğur qazanmış ölkələrdən başlayaraq) Birləşmiş Ərəb Əmirlikləri, Livan, Barbados, Seyşel adaları, Belarus, Kosta-Rika, Monqolustan, Zambiya, Avstraliya, Banqladeş, Oman və Zimbabve daxildir.
Hesabatda, həmçinin İKT-nin inkişafı üzrə reytinqdə ən aşağı səviyyəyə malik ölkələr müəyyən edilib. Sözügedən ölkələrdə planetin əhalisinin üçdə biri, yəni 2,4 milyard insan yaşayır. Bu ölkələr, həmçinin İKT-yə daha yaxşı çıxış imkanından və onun səhiyyə, təhsil kimi sahələrdə daha geniş istifadəsindən böyük fayda əldə edə bilərlər.

"Bu il üçün İKT-nin inkişaf indeksi üzrə məlumatlar gələcəyə kifayət qədər nikbin baxmağa zəmin yaradır, həmçinin hökumətlər İKT sektoruna ictimai-iqtisadi inkişafın mühüm qolu kimi aşkaranə önəm ayırırlar – BTİ-nin baş katibi Hamadun İ. Ture deyib.
 
Genişzolaqlı rabitə üzrə qiymətqoyma

160-dan çox ölkədə genişzolaqlı rabitə üzrə qiymətqoyma üzrə tendensiyaların təhlilinə əsasən, 2008-2012-ci illərdə stasionar genişzolaqlı rabitə qiymətləri orta hesabla 82% azalıb.

2008- 2011-ci illərdə inkişaf etməkdə olan ölkələrdə stasionar genişzolaqlı rabitə qiymətləri illik 30% azalıb.
2008- 2012-ci illərdə, həmçinin 1 Mbit/s sürət üçün orta qiymət xeyli azalıb, bununla belə 2012-ci ildə 1 Mbit/s üçün orta qiymət 19,50 dollar təşkil edib.
 
Rəqəmli fərq
 
2013-cü ilin əvvəlindən dünyada ev təsərrüfatlarının təqribən 80%-i televizora, 41%-i kompüterə və 37%-i internetə çıxış imkanına malik olub.

Sənədə əsasən, dünyanın bütün regionlarında internetə çıxış imkanına malik ev təsərrüfatlarının sayı artmaqdadır, lakin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında böyük fərq mövcuddur.
Qiymətləndirmələrə görə, dünyada 1,1 milyard ev təsərrüfatı hələ internetə çıxış imkanına malik deyil və onların 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.

Bununla belə artım müşahidə olunub: inkişaf etməkdə olan ölkələrdə internetə çıxış imkanına malik ev təsərrüfatlarının payı 2008-ci il üçün 12%-dən 2013-cü ildə 28%-dək artıb, bu isə orta illik artım sürətinin 18%-i deməkdir.

Son 10 ildə internet istifadəçilərinin nüfuzetmə səviyyəsi orta templə artır. 2013-cü ilin sonuna kimi inkişaf etmiş ölkələrdə internetə qoşulmuş əhalinin payı təxminən 77%-ə çatacaq. İnkişaf etməkdə olan ölkələrdə müvafiq göstərici 31% olacaq.

Emil Hüseynov
 



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024