12px13px15px17px
Tarix:19/10/13

Bakı BMT Təhlükəsizlik Şurasının “Kibertəhlükəsizlik” mövzusunda beynəlxalq simulyasiya oyununa ev sahibliyi edəcək

2012-2013-cü illərdə Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə 21 – 25 oktyabr 2013-cü il tarixlərində Bakı şəhərində BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyunununa (Model United Nations Security Council) start veriləcək. Tədbir 21 oktyabr saat 10:30-da “Four Sesons” otelində baş tutacaq. 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, simulyasiya oyununun əsas mövzusu kimi “Kibertəhlükəsizlik” seçilib. Tədbir iştirakçılarının simulyasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl 2 gün ərzində (21-22 oktyabr 2013-cü il tarixlərində) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçiriləcək. Simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.
 
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak edəcək. Tədbir zamanı BMT baş katibi Ban Ki Moonun videomüraciəti də nəzərdə tutulub.
 
Məlumat üçün bildiririk ki, BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin baş katibinin Gənclər üzrə xüsusi elçisi cənab Əhməd Əlhəndavinin Bakıya səfəri başlayıb.
Qeyd edək ki, 26 avqust 2013-cü il tarixində gənclər və idman nazirinin müavini İntiqam Babayevlə BMT-nin Nyu-York qərargahında görüşü zamanı cənab Əlhəndavi 2014-cü ilin iyul ayında BMT-nin Gənclər siyasəti üzrə ekspertlərinin I Dünya Simpoziumunun Bakıda keçirilməsi təklifi ilə çıxış edib və bu təklif müsbət qarşılanıb.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024