12px13px15px17px
Tarix:21/10/13

BMT baş katibi: “Bakıda keçirilən Model Konfrans kibercinayətlərlə mübarizə üzrə beynəlxalq standartların inkişaf etdirilməsinə töhfə verəcək”


Bakıda BMT Təhlükəsizlik Şurasının "Kibertəhlükəsizlik" mövzusunda Model Konfransının açılış mərasimi keçirilib. Mərasim BMT baş katibi Ban Ki Moonun konfrans iştirakçılarına videomüraciəti ilə başlayıb.
 
Baş katib müraciətində Təhlükəsizlik Şurasının bütün üzv dövlətlərindən tələbə nümayəndələrin Bakıya toplaşmasını alqışlayıb:
 
 "İnformasiya və kommunikasiya texnologiyaları gündəlik həyatımızın bir hissəsini təşkil edir. Onlar səhiyyə və təhsil sahələrində inqilabi yeniliklərin həyata keçirilməsinə yardım edir, iş və həyat tərzimizi dəyişdirir və bizi inkişaf məqsədlərimizə doğru daha da  yaxınlaşdırır. Lakin kiberhücumlar qlobal miqyasda stabilliyi pozmaq iqtidarında olduğundan  kibertəhlükəsizlik məsələləri qlobal narahatlıq doğuran  məsələyə çevrilməlidir. BMT üzv dövlətlər arasında dialoq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməklə, açıq, dinc və əlçatan İKT mühitini təmin etmək niyyətindədir. İnanıram ki, BMT-nin bu Model Konfransı kibercinayətlərlə mübarizə üzrə beynəlxalq standartların inkişaf etdirilməsində real tələblər barədə məlumatlılığın artırılmasına töhfə verəcək".  Gənclər və idman naziri Azad Rəhimov da çıxışında İKT-nin tətbiq sahəsinin genişlənməsi ilə kibertəhlükəsizlik məsələsinin aktuallaşdığını və bu baxımdan konfransın da qlobal aktual problemə həsr olunduğunu qeyd edib: "Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən, 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasını nəzərə alaraq, simulyasiya oyununun əsas mövzusu kimi məhz "Kibertəhlükəsizlik" seçilib".
Daha sonra çıxış edən rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov da müasir dövrdə kibertəhlükəsizliyin qlobal problemə çevrildiyini və bu problemə qarşı beynəlxalq müstəvidə mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb.
 
Geniş miqyas alan təhlükələrlə bağlı əldə olunmuş statistikaya da diqqət çəkən nazir qeyd edib ki, kibertəhlükələrin, təhdidlərin artmasının başlıca səbəblərindən biri dünyada ümumilikdə bütün sahələr üzrə artan qlobal rəqəmləşmədir: "Rəsmi məlumatlara görə, dünya üzrə kibertəhlükəsizlikdən yaranan itkilərin həcmi təqribən 1 trilyon dollara yaxınlaşır ki, bu da təxminən narkobizneslə müqayisə edilə bilən bir səviyyədir. Proqnozlara əsasən, 2020-ci ilə qədər internetə qoşulacaq bütün qurğuların sayının 15 milyarda çatacağı gözlənilir". Belə bir vəziyyətdə kibercinayətlərə qarşı mübarizə tədbirlərinin gücləndiriməsində beynəlxalq əməkdaşlığın daha çox səmərə verəcəyini qeyd edən nazirin sözlərinə görə, beynəlxalq səviyyədə kibertəhlüksizliklə bağlı çərçivə sənədinin qəbulunun zamanı artıq yetişib.
 
 Qlobal İKT sektorunun inkişafı istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən, o cümlədən milli və regional səviyyədə həyata keçirilən layihələrdən də söz açan Ə.Abbasov BMT-nin 67-ci Baş Assambleyası çərçivəsində əldə edilən uğurlu nəticələrə, xüsusilə BMT tərəfindən "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) tikintisini dəstəkləyən, Azərbaycanın təşəbbüsü ilə "Avrasiya Rabitə Alyansı"nın (Eurasian Connectivity Alliance - EuraCA) yaradılmasına dair qətnamənin qəbuluna da toxunub.
Konfransın əsas mövzusunun məhz kibertəhlüksizliyə həsr olunmasını vacib addım kimi dəyərləndirən BMT-nin Baş katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi də hazırda mövcud olan yüksək onlayn istifadə göstəricisinin gələcəkdə daha da artacağını vurğulayıb: "Veb xidmətləri və informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları artdıqca, təəssüflər olsun ki, kibercinayət və  bununla bağlı digər məsələlərdə də artım müşahidə olunur. Digər tərəfdən, hər kəsin, o cümədən təcrid olunmuş gənclərin İKT-yə və təhlükəsiz şəbəkələrə çıxışını təmin etməklə, onların innovativ potenasialını üzə çıxardıb dəstəkləmək imkanları mövcuddur".

Xarici işlər nazirinin müavini Araz Əzimov da qlobal miqyasda İKT-nin tətbiqi ilə qazanılan uğurlarla yanaşı, yaranan təhlükə risklərinin də qaçılmaz olduğunu və bu təhlükələrə qarşı beynəlxalq sənədin qəbulunun vacib olduğunu vurğulayıb.

BMT-nin Rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk isə model konfransın gənclərin malik olduğu ən yaxşı xüsusiyyətlərini- dünyagörüşü, yaradıcılıq qabiliyyətlərinin inkişafında mükəmməl vasitə hesab etdiyini deyib: "Bu konfransda qazanılacaq təcrübə gənclərə beynəlxalq münasibətlər və inkişaf problemlərinin mürəkkəbliyi, müxtəlif tərəflər arasında danışıqlar, anlaşma prosesindəki çətinliklər və s. haqda tam təsəvvür yaradacaq".

Çıxışlardan sonra konfrans işini sessiyalarla davam etdirib.

Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyunu (Model United Nations Security Council) oktyabrən 25-dək davam edəcək. Tədbir iştirakçılarının simulasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl 2 gün ərzində (21-22 oktyabr 2013-cü il tarixlərdə) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçiriləcək. Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024