12px13px15px17px
Tarix:23/10/13

Azərbaycan nümayəndə heyəti 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir


Azərbaycan nümayəndə heyəti Balidə (İndoneziya) keçirilən "Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu" mövzusunda 8-ci İnternet İdarəçiliyi Forumunda iştirak edir.

Oktyabrın 22-də baş tutan açılış mərasimində, 7-ci "IGF" toplantısına ev sahibliyi etmiş Azərbaycanı təmsil edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edib.

Elmir Vəlizadə çıxışında indiyədək keçirilmiş toplantılar arasında öz nəticələrinə görə ən yüksək göstəriciləri olan Bakı toplantısının "IGF" prosesinə müsbət töhfə verdiyini vurğulayıb. Nazir müavini İKT sahəsinin Azərbaycanın inkişafı üçün əsas prioritet sahələrdən biri olduğunu qeyd edib və görülən işlər barədə iştirakçıları məlumatlandırıb. E. Vəlizadə "IGF - Bakı" toplantısından sonra ölkədə bu sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkənin ilk telekommunikasiya peykini orbitə çıxarması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Yüksək Texnologiyalar Parkı"nın yaradılmasını, İnformasiya Texnologiyaları  Universitetinin fəaliyyətə başlamasını diqqətə çatdırıb.

Ölkədə və regionda internetin inkişaf etdirilməsi istiqamətində işlər barədə fikirlərini bölüşən E. Vəlizadə ölkədə genişzolaqlı xidmətlərin inkişafı üzrə layihənin icrası, "EPEG" layihəsində iştirak və "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASIM) layihəsinin əhəmiyyəti haqda  forum iştirakçılarını məlumatlandırıb.
Forumda iştirak çərçivəsində Elmir Vəlizadə İndoneziyanın Rabitə və informasiya texnologiyaları naziri Tifatul Sembiring ilə görüşüb və tərəflər İKT sahəsində mövcud vəziyyət, ölkələr arasında əməkdaşlıq imkanları məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya, Braziliya, Türkiyə, Rusiya rəsmiləri, beynəlxalq və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.

Səfər çərçivəsində E. Vəlizadə oktyabrın 21-də keçirilmiş Yüksəksəviyyəli Nazirlər Toplantısında da çıxış edib.

Oktyabrın 25-dək davam edəcək 8-ci "IGF" forumu çərçivəsində Azərbaycanın İKT sahəsinə həsr olunmuş seminarın keçirilməsi nəzərdə tutulub.
 



Baxış sayı: 718

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024