12px13px15px17px
Tarix:24/10/13

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün “Elektron Təlimləndirən Sistemlər” layihəsinin genişləndirilməsi üzrə işlər aparılır

Təhsil Nazirliyi distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarının artırılması məqsədi ilə həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” adlı layihənin genişləndirilməsi üzrə işlər aparır.

Nazirlikdən bildirilib ki, indiyə qədər həyata keçirilən layihə çərçivəsində 60 şagird və 10 müəllimə yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilib, 60 şagirdin evinə internet xətti çəkilib, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Distant Təhsil Mərkəzi yaradılıb.
 
Mərkəzin otaqlarında yüksəksürətli fiber-optik internet və intranet bağlantıları quraşdırılıb. Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün “www.mesafedenmekteb.edu.az” portalı yaradılıb.
 
 
Qeyd edək ki, layihə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə “Nobel-T” MMC tərəfindən həyata keçirilməyə başlanılıb.
 
Layihənin üstünlüklərinə gəlincə, şəxsiyyətyönümlü belə tədris prosesi onların inkişaf proseslərinin keyfiyyətinə də təsir edəcək, idrakı və sosial fəallığı artırmaqla şəxsiyyətin dəyərlərini və vərdişlərini formalaşdıracaq. Mütəxəssislər hesab edirlər ki, belə şagirdlərdə tədris keyfiyyətinin daha da artırılması üçün məhz məhsuldar, yaradıcı təfəkkürü və yeniliklərə müstəqil yiyələnmə üsullarını özündə birləşdirən bu layihədən irəli gələn təlim texnologiyalarına üstünlük verilməlidir.
 
Layihədə olan belə bir təlim prosesinin reallaşdırılması xüsusi qayğıya ehtiyacı olan şagirdlərdə erkən yaşlarından müstəqil idrak fəallığının aşılanmasına, sərbəst düşünməyə, həmçinin yaradıcılıq təfəkkürünün yaranması və inkişafına səbəb olacaq. Bu təlim üsulu uşaqların elmə olan marağını daha da artıracaq, onlarda yaradıcılıq potensialının üzə çıxarılmasında, cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayacaq.
 
Həmçinin hesab olunur ki, layihədəki təlim müəllimlərin intellektual səviyyəsini daha da artıracaq. Belə ki, təlimin köməyi ilə müəllimlər həm hər bir şagirdin fərdi qaydada psixologiyası və düşünmə tərzi ilə tanış olub, onları nəzərə alaraq fəal interaktiv təlim metodlarından geniş istifadə edə biləcək, həm də yaradılacaq xüsusi proqram vasitəsilə digər müəllimlərlə fikir mübadiləsi apara biləcəklər. Bu da onların gələcək elmi işlərində yeniliklərə yol açmağa imkan yaradacaq. Xüsusi qayğıya ehtiyacı olan şagirdlər belə təlim prosesinin köməyi ilə cəmiyyətdən, ətraf aləmdən təcrid olunma hissiyyatından azad olacaq. Belə şagirdlər nəinki ölkə daxilində, həmçinin ölkə hüdudlarından kənarda yaşayan bu qəbildən olan şagirdlərlə əlaqə saxlayıb ünsiyyət yaradacaqlar. Onlar kompüter texnologiyasından istifadə edərək müvafiq proqram və resursların köməyi ilə özlərinə hər yerdə dost qazana biləcəklər. Bu,  həm onların çevrəsini artıracaq, həm də digər ölkələr haqqında informasiya mübadiləsi aparmağa şərait yaradacaq. Bu qəbildən olan uşaqların təhsildə əldə etdikləri uğurlar və özlərini cəmiyyətin tam hüquqlu üzvü olmalarına, həm də onların fiziki-psixoloji vəziyyətlərinə də müsbət təsir edəcək. Bununla da həm uşaqlar, həm onların valideynləri layihədən faydalanacaqlar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024