12px13px15px17px
Tarix:02/11/13

Sığorta sistemində elektron dövr başlayır

Azərbaycanda sığorta məsələlərini tənzimləyən qanuna əlavə dəyişikliklərin edilməsi gündəmə gəlib. Məlumat üçün qeyd olunmalıdır ki, sığorta qanunvericiliyində müzakirə edilən əlavə və dəyişikliklərdə sığorta şirkətləri ilə bağlı maraqlı tələblər nəzərdə tutulub.
 
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təklif olunan dəyişikliklərə əsasən, hər bir sığortaçı öz fəaliyyəti, habelə göstərdiyi sığorta xidmətləri barədə məlumatların elektron qaydada yayılması, şikayət və müraciətlərin bu qaydada qəbul edilməsi üçün rəsmi internet səhifəsinə malik olmalıdır. Bundan başqa, şirkətin bağladığı sığorta və təkrarsığorta müqavilələrinə aid məlumatların elektron qaydada daxil edilməsi, emal olunması və saxlanılmasına imkan verən elektron informasiya sistemi də yaradılmalıdır. Bu sistemlərin yaradılması sığorta müqavilələrinin elektron formada bağlanmasına imkan verəcək.
 
Sığorta şirkətləri sığorta polislərinin satışını indi də elektron qaydada həyata keçirir, amma bu zaman yalnız sifarişi elektron formada vermək mümkündür. İstənilən halda müqavilə kağız formasında bağlanır və müştəri də bunu kağız formasında alır. Yeni dəyişikliklərdən sonra isə artıq sığorta müqaviləsi də elektron sənəd formasında olacaq. Yəni hansı şirkət istəsə, özünün istənilən məhsulunu bu formada təqdim edə biləcək.
 
Sığorta şirkətlərinin informasiya sistemlərinin yaradılması isə onların fəaliyyətinin həm təkmilləşdirilməsinə, həm də şəffaflığına imkan verəcək. Bu dəyişikliklərin məqsədi, sığorta şirkətlərinin fəaliyyətini bu günün tələblərinə uyğunlaşdırmaq, müştəriləri və əhalini daha yaxşı məlumatlandırmaq, eləcə də şirkətlərin fəaliyyətinin daha yaxşı təşkil olunmasıdır. Azərbaycanın sığorta sektoruna həsr olunan ilk ixtisaslaşmış internet portalı olan “fins.az”ın ekspertləri buna misal olaraq bildirir ki, informasiya sisteminin tətbiq edilməsi və məlumatların avtomatik emalı şirkətin fəaliyyətində ortaya çıxa bilən risklərin vaxtında aşkar edilməsi və aradan qaldırılmasına imkan verəcək. Bu sistem sığorta şirkətlərinin işi ilə bağlı təhlilləri daha operativ və şəffaf aparmağa, hesabatları daha dəqiq və qısa müddətdə hazırlamağa şərait yaradacaq. Qeyd edək ki, hazırda belə sistemlər bəzi şirkətlərdə artıq var. Qanunvericilikdəki yeni tələb isə bunun bütün şirkətlərdə olmasını nəzərdə tutur.
 
İnternet saytında yerləşdirilməli olan minimum məlumatlar, eləcə də informasiya sisteminə olan tələblər də sığorta nəzarəti xidməti tərəfindən müəyyənləşdiriləcək. Ümumilikdə sığorta şirkətlərində elektron xidmətlər bazasının formalaşdırılmasına imkan yaradacaq. Bu tələblərin tətbiqinə bir qədər sonra başlanacaq. Belə ki, sığorta şirkətlərinin saytları tələb olunan formada 2014-cü il iyulun 1-dən, informasiya sistemi isə 2015-ci ilin əvvəlindən işə düşməlidir.
 
Seymur Qasımbəyli



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024