12px13px15px17px
Tarix:06/11/13

Kanadanın Vaterloo Universiteti Azərbaycan İnformasiya Texnologiyaları Universiteti ilə əməkdaşlıq edəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Kanadanın Vaterloo Universitetinin (VU) prezidenti Feridun Hamdullahpurla görüşüb. Azərbaycan prezidentinin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət çəkən nazir İKT sahəsində görülən işlər, bu sahədə aparılan islahatlar və perspektivlər barədə qonağı məlumatlandıraraq, sektorun inkişaf tempinin ildən-ilə yüksəldiyini vurğulayıb.
 
Ölkəmizdə İKT sahəsinin prioritet elan edilməsini, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirən Feridun Hamdullahpur qarşılıqlı təcrübə imkanlarına da toxunub. Vaterloo Universitetində təhsil alan 30-a yaxın azərbaycanlı tələbənin əldə etdiyi göstəricilərdən məmnunluğunu ifadə edən qonaq rəhbərlik etdiyi təhsil müəssisəsində informasiya texnologiyaları, innovasiyalar sahəsində müxtəlif ixtisaslar üzrə təhsil alan gənclərin gələcəkdə öz ölkələrinin iqtisadi inkişafına töhfə verə biləcəyinə əminliyini vurğulayıb.
 
Azərbaycanda yeni fəaliyyətə başlayan İnformasiya Texnologiyaları Universitetinin formalaşmasına VU-nun yaxından dəstək vermək istəyindən də söz açan Feridun Hamdullahpur bu məqsədlə müəyyən kurrikulumları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qeyd-şərtsiz təqdim etməyə, eyni zamanda təhsil müəssisələri arasında sıx münasibətlərin qurulması istiqamətində müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinə hazır olduqlarını bildirib.
 
Bu təşəbbüsləri yüksək qiymətləndirən nazir də öz növbəsində, universitetin gələcək fəaliyyətinin təşkilində Kanada, xüsusilə də Vaterloo Universitetinin təcrübəsinin nəzərdən keçiriləcəyini, həmçinin qarşı tərəflə müzakirələr əsasında birgə fəaliyyət planının hazırlanacağını bildirib.



Baxış sayı: 1017

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024