12px13px15px17px
Tarix:08/11/13

“Elektron hökumət”lə bağlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İKT ili"  çərçivəsində  "Respublikada "Elektron hökumət":  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 
Mükafatlandırılma mərasimində çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə müsabiqənin məqsədindən söz açaraq, hədəfin "Elektron hökumət" quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, elektron xidmətlərlə bağlı görülən işlərin qiymətləndirilməsi, mövcud problemlərin həlli, "e-gov.az" portalının fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi, eyni zamanda bu sahədə həyata keçirilən yeniliklərin daha geniş auditoriyaya çatdırılması olduğunu qeyd edib.
 
İki mərhələdə keçirilən müsabiqə barədə məlumat verən RİTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov bildirib ki, müsabiqəyə ümumilikdə təqdim edilən 100-dən artıq məqalə içərisindən ilk mərhələnin nəticələrinə əsasən Təşkilat Komitəsi tərəfindən qiymətləndirilmiş 10 müəllif yazısı ikinci mərhələyə keçib.
 
Eyni zamanda ilk turda bir sıra yeniliklər tətbiq edilib. Belə ki, birinci mərhələdə səsvermənin daha obyektiv keçirilməsi üçün xüsusi elektron xidmət hazırlanıb. Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan elektron xidmətə əsasən, ölkəmizdə ilk dəfə olaraq səsverən şəxsin şəxsiyyəti müəyyənləşdirilərək, onun yalnız bir dəfə səsvermədə iştirak etməsi təmin edilir.
 
Səsvermənin bütün gedişatı loqlaşdırılır və fərdi məlumatlar haqqında qanunvericiliyə müvafiq olaraq qorunur. Beləliklə, "Elektron hökumət" portalı vasitəsilə onlayn səsvermədən istifadə edilib və onlayn səsvermədə aktiv canlanma müşahidə edilib. Həmçinin interaktiv olaraq əks etdirilən onlayn səsvermə nəticəsində "Onlayn səsvermə qalibi" müəyyənləşdirilib və bu nominasiyanın qalibi 2-ci mərhələyə keçən ilk 10-luğa daxil edilib. Müsabiqəyə təqdim edilən məqalələrə də toxunan MHM rəhbəri hər iki mərhələdə sosial tələb əsasında yazı müəllifləri tərəfindən verilən təkliflərin toplandığını və onların gələcəkdə tətbiq yollarının araşdırılacağını bildirib.
 
 
Beləliklə, "Movqe.az" saytının müxbiri Zülfiyyə Quliyeva "Qran Pri" (3000 manat), "aznews.az" saytının müxbiri Ruhiyyə Hüseynova 1-ci yer (2500 manat), "Ayna" qəzetinin müxbiri Aynurə Əhmədova 2-ci  yer (1500 manat), "EVE-S" MMC-nin satış meneceri Zahir Hətəmov 3-cü yerin (1000 manat) qalibi elan edilib. 4-10-cu yerlərin qalibləri isə noutbuklarla mükafatlandırılıblar. Eyni zamanda müsabiqə çərçivəsində iştirakçıların hər birinə e-imza vəsiqəsi, kart oxuyucusu, 6 aylıq "Azdatakom" internet xidməti (2 Mb/s) hədiyyə edilib.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024