12px13px15px17px
Tarix:02/12/13

“Iteca Caspian LLC” şirkətinin icraçı direktoru: “Bu il İKT sahəsində əsl bayramın şahidi olacağıq”

1995-ci ildən etibarən "Bakutel" İT nüfuzlularını Azərbaycanda bir araya gətirir. Getdikcə beynəlxalq aləmdə də öz yerini tutaraq, yerli şirkətlərlə yanaşı, digər ölkələrin artan marağı nəticəsində qlobal təcrübə mübadiləsi meydanına çevrilən sərginin təşkilati məsələləri isə "Iteca Caspian LLC" şirkətinin üzərinə düşür. Müsahibimiz şirkətin icraçı direktoru Fərid Məmmədovdur.
 
 
Ölkədə "İKT ili"nin elan edilməsi sərgidə iştirak üçün əlavə stimul yaradıb
 
- Telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri kimi, "Bakutel-2013" sərgisi bu il Azərbaycanda "İKT ili"nə təsadüf edir və buna görə də yəqin ki, əvvəlki sərgilərdən fərqlənəcək. Bu baxımdan, ziyarətçilər sərgidə hansı yenilikləri görə biləcəklər?
 
  • Həqiqətən, bu il biz hamımız İKT sahəsində əsl bayramın şahidi olacağıq, belə ki, bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. 2013-cü ildə ölkədə İKT sahəsinin inkişafı üçün xeyli işlər görülüb və bu sahənin bir çox nailiyyəti məhz "Bakutel 2013" sərgisinin ekspozisiyasında öz əksini tapacaq. Sərginin təşkilatçıları olaraq, biz sadəcə mütəxəssislərin deyil, həm də İT texnologiyalarından hər gün istifadə edən sıravi insanların da bu tədbiri səbirsizliklə gözlədiklərini bilirik. Hər şeydən əvvəl, builki sərgi öz miqyası ilə fərqlənəcək, belə ki, "Bakutel 2013" sərgisi Bakı Ekspo Mərkəzinin üç zalı və foyesində təşkil olunur. Sərgidə Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları və İnternet provayderləri, habelə sistem inteqratorları və distribüterlər təmsil olunurlar. Sərgiyə beynəlxalq iştirakçılar da böyük maraq göstərirlər. Ölkədə "İKT ili"nin elan edilməsi sərgidə iştirak üçün əlavə stimul yaradıb, belə ki, bu il sərgidə xarici şirkətlərlə yanaşı, 15 milli pavilyon da iştirak edir. "Bakutel" çərçivəsində geniş işgüzar proqramın keçirilməsi planlaşdırılıb və bu proqrama Azərbaycan və bir sıra digər ölkələr arasında ikitərəfli görüşlər və biznes-forumlar daxildir. Həmçinin, sərgi çərçivəsində Azərbaycanın iştirak etdiyi bütün layihələr öz əksini tapacaq.
 
 
 
Elektron xidmətlərimizlə KİV nümayəndələrinin də işini asanlaşdırmaq istəyirik
 
 
- Builki diqqətəlayiq yeniliklərinizdən biri kimi, mətbuat üçün nəzərdə tutulmuş "Müsahibələrin təyini" xidmətinizi qeyd etmək olar. Bu xidmətdən yararlanan KİV-lər varmı?
 
  • Biz daim öz elektron xidmətlərimizi inkişaf etdirməyə çalışırıq. Bu xidmətlər həm rahatdır, həm də iştirakçıların və ziyarətçilərin vaxtına xeyli qənaət edir. Biz sərginin rəsmi veb-saytında bu xidmət vasitəsilə sərgidə KİV nümayəndələrinin də işini asanlaşdırmaq istəyirik və mən şadam ki, bu xidmət getdikcə daha da məşhurlaşır. Hazırda xarici KİV-lər bu xidmətdən fəal istifadə edir və sərgidəki işlərini əvvəlcədən planlaşdırırlar. Bu il sərgini işıqlandırmağı planlaşdıran bir sıra xarici kütləvi informasiya vasitəsi müsahibə ilə əlaqədar bizə müraciət edib. Yerli KİV-lər elektron qeydiyyat xidmətindən veb-saytda daha fəal istifadə edirlər, müsahibələri isə bilavasitə sərgidə planlaşdırırlar.
 
Sərgiyə beynəlxalq KİV-dən dəstək
 
  • Yeri gəlmişkən, şirkət tədbirlərə informasiya dəstəyi göstərən KİV-lərə əlverişli şərait də yaradır. Bu KİV-lər hansı əlverişli imkanlardan yararlana bilərlər?
 
 
  • Biz şadıq ki, kütləvi informasiya vasitələri sərgini fəal şəkildə dəstəkləyir və bizim anonslarımızı yaxından izləyirlər. Təkcə bu il 40-dan çox kütləvi informasiya vasitəsi sərgini rəsmi surətdə dəstəkləyir və onların arasında əlbəttə ki, Azərbaycan, habelə BƏƏ, Gürcüstan, Rusiya və digər ölkələrin KİV nümayəndələri var. Sərgini dəstəkləyən mətbuat orqanları arasında bir çox yerli mətbuat nümayəndəsi də var. Bunlara informasiya agentlikləri, mətbuat orqanları, elektron jurnallar və veb-saytlar daxildir. Onların əksəriyyəti sərgini ilk gündən dəstəkləyir. Bu siyahıda "Rabitə dünyası" qəzeti də var və buna görə sizə minnətdarlığımızı  bildiririk. Bəzi nəşrlər və peşəkar veb-saytlar isə sərgidə öz stendləri ilə iştirak edir və bunun sayəsində də onlar öz oxucu auditoriyaları ilə birbaşa ünsiyyət saxlayır və bu sahənin inkişaf təmayüllərini öyrənirlər.
 
Builki sərginin debütantları - Argentina, ABŞ, İtaliya və Əfqanıstan
 
- Bu il artıq 19-cu "Bakutel" sərgisi keçiriləcək. Ötən illərdə sərgi iştirakçılarının tərkibi, fəallığı və ayrılan pavilyonların sahəsi üzrə göstəricilər necə dəyişib?
 
 
  • Son 10 ilə nəzər salsaq, özünün bu illərdəki fəaliyyəti ərzində sərgi informasiya-kommunikasiya texnologiyaları üzrə illik zirvə görüşünə çevrilib və onun vasitəsilə hər il İKT bazarında yeni texnologiyalar və ən yeni avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur və yeni müəssisələr yaradılır. "Bakutel" sərgisində uğurlu iştirakla bağlı bir çox misal göstərmək olar. Qeyd etdiyim kimi, bu il ekspozisiya sahəsi xeyli artıb və ötən il ilə müqayisədə 35% genişlənib. Ümumilikdə isə sərgidə dünyanın 28 ölkəsindən 300-ə yaxın şirkətin iştirakı gözlənilir. Bu sərgidə milli stendlərə böyük diqqət yetiriləcək və bu milli stendlərin arasında debütantlar da var. İlk dəfə olaraq, sərgidə Argentina, ABŞ, İtaliya və Əfqanıstanın milli qrupları iştirak edəcəklər. Bundan əlavə, Belarus, Macarıstan, İsrail, Kanada, Latviya, Litva, Fransa, Türkiyə, Rusiya, Rumıniya, Sloveniya, Xorvatiya, Estoniya və digər ölkələrin kollektiv milli stendləri də geniş şəkildə təmsil olunacaq.
 
Azərbaycanla BMT-nin təşkil etdiyi kibertəhlükəsizliklə bağlı konfrans ilin böyük hadisəsinə çevriləcək
 
- Bu sualın davamı olaraq, iştirakçılar "Bakutel" sərgisi çərçivəsində təşkil edilən beynəlxalq konfranslarda qlobal mövzuların Bakıda müzakirə olunmasına artıq adət ediblər. Bu dəfə ölkəmiz hansı beynəlxalq tədbirlərə ev sahibliyi edəcək?
 
 
  • Siz tamamilə düz qeyd etdiniz. Artıq bir neçə ildir ki, "Bakutel" sərgisi ilə birlikdə beynəlxalq səviyyəli tədbirlər keçirilir. Məsələn, ötən il sərgi ilə eyni meydançada İnternet İdarəçilik Forumunun (Internet Governance Forum) 7-ci iclası keçirildi. Bu forum uğurlu oldu və dünyanın 100 ölkəsindən 1500-dən çox nümayəndəni bir yerə topladı. Bu il də istisna deyil, belə ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə beynəlxalq tədbirlər planlaşdırılıb. Bura "TASİM" Konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın "Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə "SPECA" layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu"nun iclası və Azərbaycanda dövlət və özəl İKT sektorlarının tərəfdaşlığı üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar tədbir daxildir. 2-4 dekabr tarixində isə "İnternet - regional inkişafın və irəliləyişin lokomotivi" mövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının Birinci Milli Forumu keçiriləcək.
Bu ilin böyük hadisəsi isə "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda konfransı olacaq. Tarixdə ilk dəfə olaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi BMT ilə birlikdə ümumdünya kibertəhlükəsizlik konfransını təşkil edir və bu tədbir dünyanın 20-dən çox ölkəsindən 50-dən çox nümayəndəni bir araya gətirəcək. Həmçinin, seminarlar və "dəyirmi masa"lar da keçiriləcək. Gördüyünüz kimi, builki proqram çox zəngindir və şübhəsiz ki, mütəxəssislər üçün maraqlı olacaq.
 
"Bakutel" sərgisinin ziyarətçiləri digər sərgilərin ziyarətçilərindən fərqlənirlər
 
 
  • İldən-ilə sürətlənən texnoloji inqilab fonunda ziyarətçilərin sərgiyə marağını necə qiymətləndirərdiniz? Sərgilərdə ziyarətçi fəallığı hiss olunurmu?
 
 
  • İlk növbədə qeyd etmək istərdim ki, "Bakutel" sərgisinin ziyarətçiləri digər sərgilərin ziyarətçilərindən fərqlənirlər, belə ki, onlar daha fəaldırlar və rəsmi veb-sayt və sosial şəbəkələr vasitəsilə həm iştirakçılarla, həm də bizimlə, yəni təşkilatçılarla əlaqə saxlayır, sərgi haqqında xəbərləri öyrənirlər, öz fikirləri ilə bölüşürlər . Biz onların dəstəyini hiss edirik və buna görə də onlara minnətdarıq!
Ziyarətçilərin sayına gəldikdə isə biz hər il artımın olduğunu müşahidə edirik, belə ki, ötən il sərgidə 10000 nəfərdən çox ziyarətçi var idi, bu il isə biz daha çox ziyarətçinin gəlməsini gözləyirik, çünki sərginin miqyası daha da böyümüş və müvafiq olaraq, sərgidə təkliflərin sayı da artıb. Xüsusilə qeyd etmək istərdim ki, bu il sərgini daha bir amil fərqləndirəcək, belə ki, çox geniş işgüzar proqramı Azərbaycanda "İKT ili" ilə əlaqədar sərgi ziyarətçiləri və iştirakçılar üçün xüsusi olaraq hazırlanmış əyləncəli tədbirlər tamamlayacaq. Üçüncü zalda oyun zonası, istirahət zonası və s. yerləşdiriləcək. Birinci gündə ziyarətçilər istifadəyə yararsız İKT hissələrindən hazırlanmış paltarların möhtəşəm nümayişinə tamaşa edəcək və X-bokslarda oyunda da iştirak edə biləcəklər. Həmçinin, lazer şousu da olacaq. İlk dəfə olaraq, təkcə Azərbaycanda deyil, həm də MDB-də "Bakutel" sərgisinin ziyarətçiləri qarşısında məşhur "Titan" robotu öz şou-proqramı ilə çıxış edəcək.
 
 
"Bakutel"- İKT sahəsinin güzgüsü
 
- Belə sərgilərin qlobal İKT sektorunun inkişafına təsirini necə dəyərləndirirsiniz?
 
 
  • Yaradıldığı gündən bəri sərgi telekommunikasiya sahəsi ilə paralel surətdə böyüyüb, bütün dəyişikliklərə həssas yanaşıb və bir növ bu sahənin güzgüsü olub. Şübhəsiz ki, "Bakutel" sərgisinin keçirilməsi ölkədə İKT-nin inkişafına müsbət təsir göstərir. Təsəvvür edin ki, 4 gün ərzində siz bu sahənin bütün mənzərəsinə nəzər salmaq və onun perspektivlərini təhlil etmək imkanı qazanırsınız. Hər il sərgidə bir çox yeni məhsul və xidmətlər təqdim olunur. Bunun sayəsində İKT sahəsi daim yenilənir, müasirləşir. Biz sözlə, sərgi bu sahənin güzgüsü olaraq, rəqabət mühitinin yaranmasına kömək edir. Sərginin və bu sahənin qarşılıqlı təsirindən uzun-uzadı danışmaq olar. Mən yalnız onu qeyd etmək istərdim ki, "Bakutel" sərgisi bu günlər ərzində həm mütəxəssisləri, həm də məsul strukturları, beynəlxalq təşkilatları, eləcə də İKT sahəsində mövcud olan bilikləri bir yerə cəm edir. Bu günlərdə Bakı İKT sahəsinin qovşağına çevrilir və diqqətini Azərbaycana yönəldir. Mən xüsusilə qeyd etmək istərdim ki, bu sahənin və sərginin inkişafı ölkə rəhbərliyinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərdiyi güclü dəstəkdən asılıdır. Son bir neçə ildir ki, sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edir və bu, sərginin yüksək statusunu bir daha vurğulayır. Artıq uzun illərdir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Bakutel" sərgisini yaxından dəstəkləyir, nazir Əli Abbasov sərgiyə böyük diqqət yetirir və nazirliyin Beynəlxalq əlaqələr departamenti fəal işlər həyata keçirir. Fürsətdən istifadə edərək, "Bakutel" sərgisinə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin fürsətdən istifadə edərək, "Rabitə dünyası" qəzetinin bütün kollektivinə sərgini dəstəklədiklərinə və xəbərləri operativ şəkildə işıqlandırdıqlarına görə öz minnətdarlığımı bildirirəm və hamını 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində sərgiyə dəvət edirəm!
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1989

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Oxşar xəbərlər

RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”






20 Aprel 2024

19 04 2024