12px13px15px17px
Tarix:04/12/13

Azərbaycan - İsrail İKT Forumu keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan-İsrail İKT Forumu keçirilib. Forumda Rabitə və İnformasiya Nazirliyinin rəsmiləri, İsrailin Azərbaycandakı səfiri, hər iki ölkəni təmsil edən şirkətlər, iş adamları, Azərbaycan-İsrail ticarət və sənaye palatasının prezidenti iştirak edib.
 
Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbir iştirakçılarına əvvəlcə cənab nazir Əli Abbasovun salamlarını çatdırıb. Sonra qeyd edib ki, bu il keçirilən "Bakutel-2013" sərgi-konfransında İsrailin 13 şirkəti iştirak edir.
 
Azərbaycan-İsrail İKT Forumunun əhəmiyyətindən danışan E.Vəlizadə burada hər iki tərəfi təmsil edən şirkətlərin bir-birini yaxından tanımasında və müzakirələr aparmasında böyük şəraitin yaradıldığını önə çəkib.
 
Nazir müavini bildirib ki, Azərbaycanda İKT-nin inkişaf etdirilməsi dövlətin inkişaf strategiyasının tərkib hissəsidir. Daha sonra E.Vəlizadə Azərbaycanda kosmik sənayenin inkişafı üçün həyata keçirilən işlərdən, "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin region üçün əhəmiyyətindən, genişzolaqlı internet xidmətlərinin genişləndirilməsindən danışıb.
 
"Elektron hökumət" quruculuğunun Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını söyləyən E.Vəlizadə bu istiqamətdə İsraillə təcrübə mübadiləsinin aparılmasının vacibliyini ifadə edib. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi istiqamətində də əməkdaşlıq  vacib məqamlardan biridir. Çünki ölkələr informasiya təhlükəsizliyinə qarşı təkbaşına mübarizə apara bilməzlər.
 
Sonra İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz bildirib ki, hər iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün  böyük potensial var. "Bakutel-2013" sərgi-konfransında İsrailin milli pavilyonunun olmasından məmnunluq hissi keçirdiyini vurğulayan səfir burada məhsullarını böyük fəxrlə nümayiş etdirdiklərini diqqətə çatdırıb: "Azərbaycan Respublikası Prezidentinin bizim stendə yaxınlaşması və tanış olması bizim üçün böyük şərəf idi".
 
İsrail hökumətinin Azərbaycanla hər bir sahədə, o cümlədən İKT sektoru üzrə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayan R.Harpaz bu forumun bir başlanğıc olduğunu söyləyib: "Hökumət olaraq bizim əsas işimiz şərtləri və mühiti formalaşdırmaqdır. Artıq bu şərait var. Dünyada tanınmış şirkətlərimiz Azərbaycan bazarına daxil olur. Bu konfranslar həmin şirkətlərin fəaliyyəti üçün stimul verəcək".
Azərbaycan-İsrail ticarət və sənaye palatasının prezidenti Aleks Kaplun da Azərbaycanda yaradılan şəraitdən məmnun qaldıqlarını söyləyərək bildirib ki, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, xarici iş adamlarına kreditlərin təklif olunması olduqca təqdirəlayiqdir. Onun sözlərinə görə, İKT sahəsində vergilərlə bağlı güzəştlər xüsusi əhəmiyyət kəsb edir: "Bu gün İsraili Avropanın Silikon vadisi adlandırırlar. Çünki bizim ölkədə ən çox startaplar fəaliyyət göstərir. Bu sahədə Amerikadan sonra məhz İsrail liderdir. Çünki bunu bizdə məktəbdən öyrədirlər. Hazırda müxtəlif texnologiyalarımız var. Azərbaycanda bizim şirkətlərə verilən dəstəyə görə minnətdarıq. Azərbaycan mənim üçün doğmadır. Burada uzun müddət yaşamışam, burada mənim birinci övladım dünyaya gəlib. İsraildə olanda Azərbaycanı yuxuda görürəm. Ümid edirəm ki, bizim şirkətlər hər iki ölkə arasında olan yüksək münasibətlərdən yararlanaraq birgə fəaliyyət göstərəcəklər".
 
Daha sonra forum panel bölmələrlə işini davam etdirib.
 
Seymur Qasımbəyli



Baxış sayı: 1279

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024