12px13px15px17px
Tarix:06/12/13

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə elmi-praktik konfrans keçirilib


Bu gün 6 dekabr Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif  Əlizadənin iştirakı ilə Fəxri Xiyabana ziyarət təşkil edilib. Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı ziyarət edilərək, abidəsi önünə əklil qoyub. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzülüb. Rabitəçilər, həmçinin, Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidləri yad ediblər.
 
Bundan sonra AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.
 
Tədbirin bəşər sivilizasiyasının unikal hadisəsi olan internetin aktual elmi problemlərinin müzakirəsi, həlli yollarının araşdırılması məqsədi daşıdığını bildirən AMEA prezidenti Akif Əlizadə konfransın “Bakutel-2013” sərgisi çərçivəsində reallaşdırıldığını qeyd edib.
 
“İnternetin unikallığı ondadır ki, bəşər tarixində analoqu yoxdur, heç bir elmi-texnoloji yeniliklə müqayisə etmək mümkün deyil” – deyən A.Əlizadə qlobal şəbəkənin yaratdığı geniş imkanların insanların düşüncə tərzinə, ünsiyyətinə, fəaliyyət sahələri və sosial münasibətlərinə nüfuz etdiyini qeyd edib. 
 
Akademik bu rəqəmli texnologiyanın nəhəng informasiyanı özündə əks etdirdiyini, bəşəriyyətin vahid informasiya məkanında birləşməsinə zəmin yaratdığını bildirib. AMEA prezidenti internetin qlobal imkanları ilə yanaşı, mənfi təzahürlərindən də söz açıb. O, şəbəkənin kəşfiyyat, təxribat, terror, inqilabi fəaliyyəti üçün əlverişli kibermeydan olduğunu söyləyərək qeyd edib ki, qlobal şəbəkə çoxşaxəli arxitektura malikdir. Burada böyük həcmdə elmi-texniki, hərbi, sosial-iqtisadi və siyasi xarakterli məlumatlar dövr edir: “İnformasiya təhlükəsizliyinə təhdidlər nəticəsində ölkələrin siyasi, iqtisadi, hərbi və digər sahələrdəki fəaliyyətinə olduqca ciddi zərbə vurula bilər ki, nəticədə ayrı-ayrı vətəndaşlar və bütövlükdə cəmiyyət mühüm sosial-iqtisadi zərərlə üzləşə bilər.
 
AMEA prezidenti əlavə edib ki, internet həm də dünya xalqlarının adət-ənənələrinin, dil, mədəniyyət və dinlərin inteqrasiya etdiyi bir məkandır. Onun sözlərinə görə, hər bir dövlət, millət virtual məkanda öz milli-mənəvi dəyərləri ilə birlikdə təmsil olunmaq istəyir. İnternetdə isə bütün tərəflərin maraqlarının təmin olunduğu ortaq nöqtənin tapılması dünyanı düşündürən ən mürəkkəb, taleyüklü məsələlər sırasındadır.
Azərbaycanda internetin inkişaf dinamikasından söhbət açan akademik bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarının ölkəmizin bu sahədə nailiyyətlərini təsdiq etdiyini bildirib. Akademik internetin mahiyyəti, xüsusiyyətləri və imkanlarının öyrənilməsinin müasir elmi fəaliyyətin ən aktual və maraqlı sahələrindən birinə çevrildiyini vurğulayaraq istənilən elm sahəsi üçün internetin aktual tədqiqat obyekti olduğunu qeyd edib. 
 
A.Əlizadə,  həmçinin rabitə və informasiya texnologiyaları sahəsi işçilərini peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
 
Sonra Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov “İnternet və dövlət siyasəti” mövzusunda çıxış edərək Azərbaycanda həyata keçirilən layihələr və onların məqsədləri barəsində tədbir iştirakçılarına məlumat verib. Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin “İKT ili” elan edildiyini vurğulayan nazir sahəyə dövlət başçısının fərman və sərəncamları ilə diqqətin və qayğının artırıldığını söyləyib. Ə.Abbasov İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd edərək deyib ki, ölkədə sözügedən sektorun  inkişafı, xüsusən də yüksəksürətli, genişzolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramları, həyata keçirilən layihələr çox əhəmiyyətli rola malikdir. Ölkədə elektron xidmətlərin genişləndirilməsi, onların daha da müasirləşdirilməsi istiqamətində işlərin aparıldığını və gələcəkdə bu xidmətlərin respublika sərhədlərindən kənara daşınması üçün fəaliyyətin ortaya qoyulduğunu vurğulayan nazir cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayıb.
 
 Ölkəmizin İKT sahəsində əldə olunan nailiyyətlər, inkişaf tempinin yüksəlməsi ilə dünya miqyasında artan nüfuzunu da önə çəkən nazir 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, “elektron hökumət” və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını bildirib:
 
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə çatmaq üçün İKT mütəxəssislərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub”.
 
Daha sonra  AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev “Azərbaycanda internetin formalaşması mərhələləri  və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, internetin 44 ildə keçdiyi sürətli inkişaf yolu bir çox təzadlarla, siyasi-ideoloji qarşıdurmalarla, mental dəyərlərin itirilmə qorxusundan irəli gələn təzyiqlərlə müşayiət olunub. “Lakin bütün bunlara baxmayaraq internet dünyada vüsət almaqla, müxtəlif fəaliyyət sahələrinə getdikcə daha dərindən nüfuz edir, insanların həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilir”. 
Yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinin ölkənin gələcək inkişafını səciyyələndirən mühüm amillərdən olduğunu qeyd edən institut direktoru bu gün internetin aktual elmi problemlərinin həllinin alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyduğunu söyləyib. O, institutda internetin gələcək inkişaf istiqamətləri və perspektivlərinin araşdırıldığını bildirib. R.Əliquliyev Qlobal şəbəkənin “Əşyaların İnterneti”, “Kosmik İnternet”, “Tibbi İnternet”, “Biometrik İnternet” kimi yeni istiqamətlərinin xüsusiyyətləri, cəmiyyət üçün üstünlüklərinin reallaşdırılması imkanlarının öyrənildiyini vurğulayıb.
 
Alim bildirib ki, qabaqcıl informasiya texnologiyaları sahəsində innovativ ideyaların tətbiqi, yeni proqram təminatlarının yaradılması yaxın gələcəkdə insanların həyat tərzində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Onun sözlərinə görə, Əşyaların İnterneti kompüter, internet və mobil telefondan sonra informasiya sənayesinin daha bir dalğasını yaradacaq.
 
Tədbirdə, həmçinin İT üzrə aparıcı mütəxəssislərin, alimlərin məruzələri dinlənilib. Azərbaycanda internetin yaranma tarixi, inkişaf dinamikası, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları, sosial media problemləri, internetin inkişafı naminə dövlət-biznes-vətəndaş cəmiyyəti, internet və informasiya texnologiyalarının hüquq elmi və təhsilinin inkişafına təsiri, Azərbaycanda İnternetskopiya problemlərinə dair səsləndirilən fikirlər böyük maraqla qarşılanıb, qarşılıqlı fikir mübadiləsi aparılaraq verilən suallar cavablandırılıb.
 
Bundan sonra konfrans öz işini “İnternetşünasliq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusunda  bölmə iclası ilə davam etdirib.
 
Seymur Qasımbəyli
 
 
 
 
 
 
 



Baxış sayı: 1257

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020